“Ali məktəbdə verilən “qırmızı diplom”un heç bir əhəmiyyəti yoxdur” –TƏHSİL EKSPERTİ
“Dünyanın inkişaf etmiş ölkələrində ali məktəb diplomları bala görə müəyyən olunur. Yəni 100 ballıq şkala verilir və nəticə 80 faizdən yuxarı olduqdan sonra diplom əldə edilir. Lakin bizdə “3” alana da, “5” alana da diplom verilir. Xaricdə belə yanaşma yoxdur”.
Bunu "Editor.az"a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.
Ekspertin sözlərinə görə, yalnız keçmiş sovet ölkələrində bu ənənə var: “Tutaq ki, birinin bütün qiymətləri “4” və “5”dir, o da göy diplom alır, “3” və “4” alanlar da göy diplom alır. Bu, düzgün deyil. Dünya təcrübəsində standart diplomlar var. Həmin diplomlar sizin təhsilinizin yetərliliyi nəzərə alınmaqla verilir. Diplomlarda neçə balla universiteti bitirdiyiniz göstərilir. Bu bal da işə qəbul, müsahibələr zamanı nəzərə alınır. Amma Azərbaycanda diplomun içərisinə baxmırlar. Nəticə olaraq qırmızı diplomun heç bir özəlliyi yoxdur”.
K.Əsədov deyib ki, əvvəllər qırmızı rəngin də xüsusi mənası vardı. Eləcə də, “qırmızı diplom” digərləri ilə müqayisədə onun sahiblərinin daha üstün olduqlarını göstərirdi. Bu gün “qırmızı diplom” əmək bazarında heç bir üstünlük təmin etmir.
Azərbaycanda ali təhsil müəssisəsini fərqlənmə ilə bitirməyənlər üçün diplomlar göy, fərqlənmə ilə bitirənlər üçün isə qırmızı rənglidir. Qaydalara görə ali təhsil müəssisəsi məzunlarının bütün fənlər üzrə qiymətlərinin 75 faizindən çoxu “əla”, digərləri isə “yaxşı” olduğu halda onlara fərqlənmə diplomu verilir.
Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”na uyğun olaraq, konkret fənn üzrə semestr ərzində toplanmış balın yekun miqdarına görə təhsil alanların biliyi aşağıdakı kimi qiymətləndirilir: tələbə 51 baldan aşağı topladıqda “qeyri-kafi” – F, 51-60 bal topladıqda “qənaətbəxş” – E, 61-70 bal topladıqda “kafi” – D, 71-80 bal topladıqda “yaxşı” – C, 81-90 bal topladıqda “çox yaxşı”- B, 91-100 bal topladıqda “əla” – A alır. Bu qərar respublikanın bütün ali təhsil müəssisələrinə şamil edilir.
K. Əsədovun sözlərinə görə, Azərbaycanda istər müəllimliyə, istər dövlət qulluğuna qəbul yalnız müsabiqə və müsahibə vasitəsilə həyata keçirilir: “Müsahibə mərhələsində qırmızı diplomun sadəcə psixoloji üstünlüyü ola bilər. Yəni şəxs ali təhsilini fərqlənmə diplomu ilə başa vurub. Müəllimlərin işə qəbulundan sonra əgər bir müəllim bakalavr və magistratura pilləsini fərqlənmə ilə bitiribsə, o, fəaliyyətə 1 kateqoriya yuxarı ilə başlayır. İşə qəbul zamanı fərqlənmə diplomunun hər hansı üstünlüyü yoxdur”.
KARUSEL / CƏMİYYƏT
Tarix: 18-01-2023, 15:51