Bayden Kiyevə gəldi
Məlum olduğu kimi, ABŞ Prezidenti Co Baydenin 20-22 fevral tarixlərində Polşaya səfəri planlaşdırılıb. Bu səfər çərçivəsində onun Ukrayna paytaxtına da gələcəyi barədə məlumatlar dolaşsa da, belə bir səfərin baş tutacağı ehtimalı olduqca aşağı qiymətləndirilirdi. Lakin hazırda Kiyev küçələrində baş verənlər və Ukrayna XİN-in açıqlaması belə qənaət yaradır ki, ABŞ Prezidenti Ukrayna paytaxtına gəlir.
“AzPolitika.info” Ukrayna mətbuatına istinadla xəbər verir ki, bu gün səhərdən başlayaraq, Kiyevin bir neçə mərkəzi küçəsi və ABŞ səfirliyi istiqamətindəki yollar bağlanıb. Şəhərdə ABŞ səfirliyinə aid avtomobillərin intensiv hərəkəti müşahisdə olunur.
Məsələylə bağlı danışan Ukrayna XİN başçısının müavini Andrey Melnik isə yerli kanallara açıqlamasında dolayısı ilə Baydenin səfərini təsdiqləyib: “Gəlin hələlik bu intriqanı saxlayaq və qabağa qaçmayaq. Mən ümid edirəm ki, hazırlanan sürpriz alınacaq. Bizim üçün çox vacibdir ki, işğalın ildönümündə biz təkcə sözdə dəstəyi, həmrəyliyi deyil, həm də böyük yardımı və bizim ən vacib, başlıca tərəfdaşlarımızın Kiyevdə olmasını görəcəyik”.
Melnik konkret olaraq kimin gələcəyini söyləməyib və azca gözləməyi məsləhət görüb.
Xatırladaq ki, daha öncə Baydenin Varşavada Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcəyinə dair məlumatlar yayılmışdı. Lakin Zelenbski dolayısı ilə bu xəbəri inkar etmişdi. İndi isə məlum olur ki, bayden özü Kiyevə gəlir.
Son dəqiqələrdə daxil olan məlumata görə Co Bayden artıq Kiyevdədir. Bununla bağlı videogörüntülər də yayılıb. ABŞ Prezidenti artıq Zelenski ilə birgə Kiyevdəki Mixaylovsk kilsəsinə baş çəkib və Ukraynanın müdafiəsi uğrunda həlak olanların xatirəsini yad edib. Həmin vaxt Kiyevdə hava həyəcanı siqnalları verilməyə başlayıb. Bunun Rusiya hərbi təyyarələrinin Belarus ərazisində, yaxud Rusiyanın Ukrayna ilə sərhəd zonalarında havaya qalxması ilə əlqələndirirlər.
Qeyd edək ki, bu səfər Ukrayna üçün böyük siyasi və mənəvi dəstək yükü daşıyacaq. Rusiyanınsa onsuz da ayaqlar altına atılmış nüfuzuna daha bir ağır zərbə olacaq.
KARUSEL / GÜNDƏM / DÜNYA
Tarix: 20-02-2023, 13:44