mobil versiya

Səfir: "Kasım-Jomart Tokayevin təşəbbüsü ilə dörd islahat paketi reallaşıb"


Qazaxıstan Majilisinə (Parlamentin aşağı palatasına) və məsləhətlərə (yerli inzibati orqanlara) martın 19-na təyin olunmuş seçkilərlə əlaqədar bu ölkənin Azərbaycandakı səfiri Serjan Abdıkarimov mətbuat konfransı keçirib.
"Reportyor.az"
ın xəbərinə görə, səfir S.Abdıkərimov çıxışında deyib ki,  ölkəsinin hər zaman milli qanunvericiliyə və beynəlxalq standartlara uyğun, çoxlu sayda yerli və əcnəbi müşahidəçilərin iştirak etdiyi açıq, şəffaf, ədalətli seçkilərin tərəfdarı olduğunu göstərib, qarşıdakı seçkilər Qazaxıstan tarixində mühüm mərhələ olacaq.
Dövlət başçısı Kasım-Jomart Tokayevin təşəbbüsü ilə dörd islahat paketinin reallaşması barədə jurnalistləri məlumatlandıran səfir bildirib ki, bu islahatlar ölkənin dövlət-siyasi quruluşunun yeni, ədalətli modelinin formalaşmasına, dövlətin idarə olunmasında parlamentin və vətəndaşların rolunun möhkəmləndirilməsinə yönəlib: "Ölkə Konstitusiyasında dəyişikliklər, seçki sisteminin islahatı və seçkilərdə iştirak edən siyasi partiyaların fəaliyyəti məsələləri üzərində ətraflı dayanıb. Ötən il ölkədə aparılan konstitusiya islahatları sayəsində siyasi partiyaların qeydiyyata alınması xeyli sadələşdirilib. Siyasi partiyaların qeydiyyata alınması üçün onun üzvlərinin sayının aşağı həddi dörd dəfə azaldılaraq 20 mindən 5 minə endirilib. Regional partiya nümayəndəliklərinin sayına minimal tələb də azaldılaraq, 600-dən 200-ə endirilib. Nəticədə parlament seçkiləri ərəfəsində bir neçə yeni siyasi partiya qeydiyyata alınıb. Hazırda Qazaxıstanda qeydiyyatdan keçmiş 7 partiya var".
S.Abdıkarimov deyib ki, Majilisə seçkilərdə ilk dəfə qarışıq (proporsional-majoritar) modeldən istifadə ediləcək, yəni, deputatların 70 faizi partiya siyahıları üzrə proporsional qaydada, 30 faizi isə birmandatlı dairələrdə majoritar prinsip əsasında seçiləcək. Respublika əhəmiyyətli rayonların və şəhərlərin məsləhətlərinə seçkilər də qarışıq sistem üzrə 50/50 nisbətində aparılacaq: "Bu seçkilər keçən il noyabrın 20-də Qazaxıstan Respublikasının Prezidentinin təşəbbüsü ilə başlanmış və bu il yanvarın 14-də Senata (Qazaxıstan Respublikasının yuxarı palatasına) seçkilərlə davam etmiş siyasi yeniləşmənin yekun mərhələsidir. Seçkilərin qaydalarına mühüm dəyişikliklər edilib: bütün bülletenlərdə “Bütün namizədlərin əleyhinə” qrafası əlavə olunub, partiyaların Majilisə seçilməsi üçün aşağı hədd 7 faizdən 5 faizə endirilib, deputat mandatlarının bölgüsündə qadınlar, gənclər və xüsusi ehtiyacları olan şəxslər üçün qanunvericiliklə 30 faizlik kvota müəyyən edilib".

KARUSEL / SİYASƏT
Tarix: 14-03-2023, 17:33