İsrail Prezidenti məhkəmə islahatının qəbul edilməsi prosesini dayandırmağa çağırıb
İsrail Prezidenti İshaq Hersoq bazar ertəsi baş nazir Binyamin Netanyahuya, eləcə də hökumət və koalisiya üzvlərinə məhkəmə islahatının qəbul edilməsi prosesini dayandırmağa çağırıb.
Bu barədə İsrail Prezidenti özünün "Twitter" səhifəsində yazıb.
Onun sözlərinə görə, təhlükəsizlik, iqtisadiyyat, cəmiyyət - hər şey təhlükə altındadır.
"İsrail xalqı ilə birlik naminə, bizə həvalə edilmiş məsuliyyət naminə mən sizi qanunvericilik prosesini dərhal dayandırmağa çağırıram.
Mən Knessetdəki bütün fraksiyaların, istər koalisiya, istərsə də müxalifət fraksiyalarının rəhbərlərini ölkə vətəndaşlarını hər şeydən üstün tutmağa, gecikmədən məsuliyyətlə və cəsarətlə hərəkət etməyə çağırıram. Dərhal özünüzə gəlin! Bu, siyasi məqam deyil, liderlik və məsuliyyət məqamıdır", - deyə İsrail Prezidenti bildirib.
Xatırladaq ki, ötən gün İsrailin baş naziri Binyamin Netanyahu ölkənin müdafiə naziri Yoava Qalantı istefaya göndərib.
Qeyd edək ki, Y.Qalant martın 25-i axşam xüsusi bəyanatla çıxış edərək ölkədə çoxsaylı etirazlara səbəb olan məhkəmə islahatlarının dayandırılmasını istəyib. O, xəbərdarlıq edib ki, cəmiyyətdə yaranan parçalanma artıq İsrail ordusunun sıralarına nüfuz edir və bu, milli təhlükəsizliyə təhdid yaradır.
Müdafiə nazirinin istefaya göndərilməsi ölkənin bir çox yerində kütləvi etirazlara səbəb olub.
KARUSEL / DÜNYA
Tarix: 27-03-2023, 09:05