Bakıda evlərin qiyməti bahalaşıb
İl başlayandan bu günə qədər Bakıda mənzillərin qiyməti 5% bahalaşıb.
Bunu Trend-ə açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə deyib.
Onun sözəlirinə görə, paytaxtın mənzil bazarında qıtlıq hökm sürür.
"Belə ki, tikinti bazarında mənzilə olan tələb təklifi üstələyir. Çoxmənzilli binalarda olan təkrar mənzil bazarında qiymətlər son on ilin ən yüksək səviyyəsindədir. Təkrar mənzil bazarında 1 otaqlı mənzillər hazırda 70 min manatdan yuxarı təklif olunur. 2 otaqlı mənzillər 90 mindən yuxarı, 3 otaqlılar isə 105 mindən yuxarı satılır. Metro stansiyaları ətrafında təklif olunan mənzillər digərlərindən 20 % bahadır", - deyə o qeyd edib.
Ekspertin sözlərinə görə, yeni tikililərdə olan mənzillərin kvadratı paytaxtın mərkəzində 2000 manatdan yuxarı, mərkəzə yaxın hissələrdə isə 1500-1800 manat arası dəyişir.
"Bu gün yeni tikilən çoxmənzilli binaların təməlindən mənzillərin qiymətləri əvvəlki illərlə müqayisədə 30% baha təklif olunur. Bahalılığın əsas səbəbi tələbin təklifi üstələməsidir. Bazarda real qiymətindən çox baha mənzillər də satılır. Buna baxmayaraq, belə mənzillərin də kifayət qədər alıcısı var. Təkliflərin azalması göstərir ki, qiymətlər artıma doğru gedəcək. Dünya ölkələrində də daşınmaz əmlak bazarında qiymətlərdə artımlar qeydə alınır", - deyə R.Qasımzadə qeyd edib.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 28-03-2023, 16:03