Dövlət qulluğu üzrə imtahanlar keçiriləcək
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və inzibati rəhbər (A növü) vəzifələr üzrə mayın 14-də imtahanlar keçiriləcək.
Bu barədə DİM-dən məlumat verilib. Bildirilib ki, imtahanlarda iştirak etmək istəyən namizədlər DİM-in portalında “Şəxsi kabinet”lərini (şəxsi kabineti olmayanlar) yaratmalıdırlar. “Şəxsi kabinet”də olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat www.payment.dim.gov.az saytında verilib) istifadə etmək olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak etmək üçün DİM-in internet portalında müvafiq olaraq “Dövlət qulluğuna qəbul üzrə test imtahanında iştirak etmək üçün onlayn qeydiyyat” və ya “Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi” xidmətləri vasitəsilə qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılımır.
İnzibati rəhbər (A növü) vəzifələr üzrə müsabiqənin may ayında keçiriləcək test imtahanında iştirak etmək üçün qeydiyyat aprelin 14-ü saat 13:00-dan mayın 11-i saat 11:00-dək aparılacaq. İmtahan Bakı şəhərində keçiriləcək və namizədlər üçün 80 yer ayrılıb.
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanı AB, AC, BA qrupları üzrə mayın 14-ü saat 10:00-da kompüter vasitəsilə, BB qrupu üzrə isə saat 11:00-da kağız daşıyıcılar vasitəsilə keçiriləcək.
Test imtahanında iştirak etmək istəyən namizədlərin qeydiyyatı Mərkəzin internet portalında BB qrupu üzrə mayın 3-ü saat 11:00-dək, AB, AC, BA qrupları üzrə isə mayın 11-i saat 11:00-dək aparılacaq.
KARUSEL / CƏMİYYƏT
Tarix: 14-04-2023, 15:29