mobil versiya

Nikol Paşinyan: “Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tam formada tanıyır”



“Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tam formada tanıyır”.
“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan parlamentin iclasında deyib.
O bildirib ki, Ermənistan Azərbaycanla sülh müqaviləsinin ən qısa müddətdə imzalanması üçün səmimiyyətlə çalışır:
“Azərbaycanla sülh müqaviləsinin imzalanması üçün beynəlxalq təminatlara ehtiyac var. Sülh sazişinin həyata keçirilməsinə zəmanət verən beynəlxalq mexanizmlərin yaradılması son dərəcə vacibdir. Əks halda, imzalanan gündən bir gün sonra müharibə başlaya və ya yeni eskalasiya baş verə bilər”.
Baş nazirin sözlərinə görə, bölgədə sülhün təmin olunması, kommunikasiyaların açılması vacibdir: “Bu, tərəflərin ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır”.
N.Paşinyan vurğulayıb ki, Azərbaycan birbaşa, yaxud dolayısı ilə enerji və ya logistika lahiyələrinin kəsişməsinə çevrilib: “Bu, onun həm Rusiya, həm də bəzi Qərb ölkələri üçün əhəmiyyətini artırıb”.
Hökumət başçısının sözlərinə görə, keçmiş Qarabağ münaqişəsinin bütün dövrü ərzində öz müqəddəratını təyinetmə hüququ və ərazi bütövlüyü prinsipləri yan-yana dayanıb. O qeyd edib ki, Ermənistan tərəfi bununla özünü və Qarabağdakı erməniləri aldadıb.
N.Paşinyan daha sonra vurğulayıb ki, Madrid prinsipləri “Dağlıq Qarabağın öz müqəddəratını təyin etməsinə imkan vermir”, çünki bu, sənədin məntiqinə kökündən ziddir.

KARUSEL / SİYASƏT
Tarix: 18-04-2023, 14:30