XİN başçısı ABŞ Dövlət katibinin nümayəndəsi Erika Olsonu qəbul edib
Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüşdə tərəflər arasında Azərbaycan-ABŞ ikitərəfli münasibətləri, bölgədə mövcud olan cari vəziyyət, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlar müzakirə edilib.
Nazir Ceyhun Bayramov post-münaqişə mərhələsində Azərbaycanın Ermənistanla normallaşma, o cümlədən gələcək sülh sazişinin imzalanması istiqamətində əsas təşəbbüs irəli sürən tərəf kimi, prosesin uğurla nəticələnməsində maraqlı olduğunu bildirib. Buna baxmayaraq, qeyd edilən istiqamətlərdə Ermənistan tərəfindən prosesə maneçilik səyləri, sülh sazişinin mətni üzrə Azərbaycanın sonuncu təkliflərinə 6 həftə ərzində hələ də cavab verməməsi, bir sıra provokativ bəyanatlar və təxribatlar diqqətə çatdırılıb. Bununla yanaşı, Ermənistandan azaraq Azərbaycana keçmiş hərbçilərin qısa müddətdə Ermənistana geri təhvil verilməsi kimi etimad quruculuğu tədbirlərinə baxmayaraq, Ermənistanda Azərbaycan hərbçilərinə qarşı son zorakılığın Ermənistan tərəfindən pozucu fəaliyyətin nümunəsi olduğu qeyd edib. Bölgədə dayanıqlı sülh və təhlükəsizliyin təmin edilməsi üçün tərəflər arasında əldə edilmiş razılaşmaların həyata keçirilməsinin vacibliyi vurğulanıb.
Erika Olson öz növbəsində, bölgədə sülh və sabitliyin bərqərar olunmasının əhəmiyyətini, bunun üçün sülh sazişinin imzalanmasının zəruri olduğunu bildirib. ABŞ tərəfinin Azərbaycan və Ermənistan arasında ikitərəfli əsasda aparılan bu danışıqlara dəstək verməyə daim hazır olduğunu diqqətə çatdırıb.
Görüşdə, qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
KARUSEL / SİYASƏT
Tarix: 20-04-2023, 21:00