Şəhid Orxan Novruzəlizadə son mənzilə izdihamla yola salınıb
Ermənistan silahlı qüvvələrinin şərti dövlət sərhədində törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun şəhid olan hərbçisi, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Orxan Novruzəlizadənin nəşi ailəsinə təhvil verilib. Ağstafa rayonunun Vurğun qəsəbəsində, şəhidin ailəsinin yaşadığı evdə vida mərasimi keçirilib.
Orxanın 25 yaşı vardı. Ailədə iki qardaş, iki bacı olan Orxan evin son beşiyi idi. Zəhmətkeş ailədə böyümüşdü. Elə məktəbdə də, kənddə də onu sakit təbiətli, vətənsevər bir gənc kimi tanıyırdılar. Anası ötən il rayon ərazisində dəmir yolu xəttini qarşı tərəfə keçmək istəyən zaman qatarın vurması nəticəsində ölüb.
Orxanla vida mərasimində rayon icra hakimiyyətinin rəhbərliyi, şəhid ailələri və qazilər, hərbçilər, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şəhid hərbçimiz doğulub boya-başa çatdığı Vurğun qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn olunub. Üçrəngli Azərbaycan Bayrağı şəhidin atası Elxan Novruzəliyevə təqdim edilib.
Qeyd edək ki, Orxan Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət edib. Vətən müharibəsinin iştirakçısı olub. “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilib.
KARUSEL / ÖLKƏ
Tarix: 12-05-2023, 14:56