mobil versiya

Bakı şəhəri üzrə sertifikatlaşdırma prosesinə iki mindən çox müəllim dəvət olunub



İyunun 20-dən dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinə başlanılıb. Bu prosesə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəllimləri də cəlb edilib.
Bu barədə BŞTİ-dən məlumat verilib. Bildirilib ki, sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsinə BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan 2072 təhsilverən (1596 Azərbaycan dili və ədəbiyyat müəllimi, 476 ibtidai sinif müəllimi) dəvət olunub.
Qeyd edək ki, test imtahanı mərhələsində 120 dəqiqə müddətində təhsilverənlərin tədris etdiyi fənn üzrə ümumtəhsil proqramlarına, tədris metodikasına və təlim strategiyalarına aid 60 sual təqdim edilir. Hər düzgün cavab 1 balla qiymətləndirilir. Bu mərhələnin nəticələri üzrə balların hesablanması avtomatlaşdırılmış rejimdə proqram təminatı vasitəsilə həyata keçirilir və imtahan başa çatdıqdan dərhal sonra namizədə elan edilir.
Test imtahanında azı 30 bal toplamış müəllim sertifikatlaşdırmanın müsahibə mərhələsinə keçmək hüququ qazanacaq.
KARUSEL / CƏMİYYƏT
Tarix: 20-06-2023, 17:53