mobil versiya

Azərbaycanda 2018-2021-ci illər üzrə KOB subyektlərinin sayı 45 faiz artıb




İyunun 27-si dünyada Mikro, Kiçik və Orta Müəssisələr (KOB) Günüdür. Azərbaycanda fəaliyyətdə olan KOB subyektlərinin 97,3 %-i mikro, 1,9%-i kiçik və 0,8%-i orta sahibkarlıq subyektləridir.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) məlumatında qeyd edilib.
Bildirilib ki, 2018-2021-ci illər üzrə KOB subyektlərinin sayı 45% artaraq 360 minə yaxın olub. Bu dövr ərzində KOB–ların qeyri-neft ÜDM-də payı 23,5%-dən 26,6%-ə yüksəlib.
2021-ci illə müqayisədə 2022-ci ildə KOB-lar üzrə dövriyyə 19%, daxilolmalar 61% artıb, 4600-dən çox KOB subyektinin meyarı böyüyüb.
“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” çərçivəsində hazırlanan ortamüddətli sosial-iqtisadi inkişaf strategiyasında kiçik və orta sahibkarlığın ölkədə iqtisadi artımın və məşğulluğun əsas mənbəyinə çevrilməsi strateji hədəflərdən biri olaraq müəyyən edilib.
Ölkəmizdə sahibkarlar, o cümlədən KOB subyektləri dövlətin geniş dəstək tədbirləri ilə əhatə olunublar.
Vurğulanıb ki, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) KOB sektorunun tənzimlənməsi, biznesə dövlət xidmətlərinin göstərilməsinin yaxşılaşdırılması, KOB maraqlarının müdafiəsi, onların bilik və innovasiyalara, bazarlara və maliyyəyə çıxışının yaxşılaşdırılması istiqamətində fəaliyyət göstərir, KOB-lara bir sıra dəstək və xidmətlər təqdim edir. İndiyədək KOBİA-nın KOB inkişaf mərkəzləri tərəfindən KOB-ların biznes biliklərinin artırılması üçün ödənişsiz olaraq təqribən 40 minə qədər KOB subyektinin faydalandığı 3000-dən çox təlim keçirilib, 5500-dək sahibkarın yararlandığı məsləhət xidməti göstərilib, 800-ə yaxın KOB subyekti üçün ödənişsiz biznes plan hazırlanıb.
Biznesə başlamaq və mövcud fəaliyyətin genişləndirilməsində önəmi nəzərə alınaraq sahibkarların müraciəti əsasında 21, Agentliyin təşəbbüsü ilə isə 26 daxili bazar araşdırması aparılıb.
KOB-ların rəqəmsallaşması və innovativ ideyalarının dəstəklənməsi üçün KOBİA tərəfindən 100-ə yaxın “Startap” şəhadətnaməsi verilib ki, bu sənəd onları 3 il müddətinə innovasiya fəaliyyətindən əldə etdiyi gəlirlər üzrə mənfəət və gəlir vergisindən azad edib.
KOB-ların maliyyə imkanlarının yaxşılaşdırılmasına dəstək məqsədilə onların təhsil, elm, tədqiqat və dəstək istiqamətlərində layihələrinin maliyyələşdirilməsi mexanizmi çərçivəsində indiyədək 39 KOB subyektinə 750 min manatdan çox qrant vəsaiti verilib.
KOB-ların bazarlara çıxışının dəstəklənməsi üçün indiyədək Azərbaycanda və xarici ölkələrdə keçirilmiş 50 sərgi və yarmarkada 1300-ə yaxın KOB subyektinin ödənişsiz olaraq iştirakı təmin edilib. Agentlik tərəfindən təmin edilən KOB-ların ticarət şəbəkələrinə çıxışına dəstək mexanizmi çərçivəsində 25 sahibkarın məhsullarının müxtəlif ticarət şəbəkələrində satışı təmin olunub.
Qeyd edilib ki, sahibkarlara vahid məkanda dövlət-biznes və biznes-biznes xidmətlərinin göstərildiyi KOB evlərinin sayı üçə çatıb, bu mərkəzlərdə biznes subyektlərinə göstərilən xidmətlərin sayı isə 300 mini keçib. Ölkənin digər iri şəhər və rayonlarında, o cümlədən işğaldan azad edilmiş ərazilərimizdə KOB evlərinin yaradılması istiqamətində müvafiq tədbirlər görülür.
Hazırda ölkənin 41 şəhər və rayonunda fəaliyyət göstərən Agentliyin KOB dostları tərəfindən yeni KOB subyektlərinin yaranmasına və mövcud bizneslərin inkişafına, onların investisiya təşəbbüslərinin dəstəklənməsinə, sahibkar maraqlarının müdafiəsinə dövlət dəstəyi tədbirləri çərçivəsində dəstək göstərilir. İndiyədək KOB dostu mexanizmi çərçivəsində müxtəlif mövzularda 17 minə yaxın sahibkarın iştirakı ilə 370-ə yaxın sahəvi görüş və maarifləndirmə tədbirləri təşkil edilib.
Bu günədək işğaldan azad edilmiş ərazilərdə biznes qurmaq və investisiya yatırmaq istəyən sahibkarlardan KOBİA-ya 1500-ə yaxın müraciət daxil olub ki, onlardan 70%-ə yaxını yerli biznes subyektlərinin müraciətləridir.
Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2022-ci il dekabrın 2-də təsdiqlənmiş “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” Qanunda KOB subyektlərinə göstərilən dövlət dəstəyinin təşviqi forma və metodları müəyyən edilib. Bu Qanuna, eləcə də sahibkarlıq sahəsində dövlətin prioritetlərinə və beynəlxalq müstəvidə KOB-larla bağlı çağırışlara uyğun olaraq KOB subyektlərinə dəstək davam etdiriləcək.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 27-06-2023, 13:11