mobil versiya

Aİ və BMT-nin İnkişaf Proqramı Azərbaycanda dual peşə təhsilinin gücləndirilməsinə dəstək göstərir


Avropa İttifaqı (Aİ), BMT-nin İnkişaf Proqramı və Peşə Təhsili üzrə Dövlət Agentliyi (PTDA) 2022-2023-cü tədris ilində həyata keçirilən dual peşə təhsil proqramının yekun tədbirini keçirib.
“Gələcək üçün peşə təhsili və təlimi” layihəsi çərçivəsində baş tutan tədbir 40-a qədər özəl sektor şirkətini, dual proqramın məzunlarını və mentorlarını, eləcə də peşə təhsil müəssisələrinin idarə heyətlərini və əlaqədar təşkilatçı qurumların rəsmilərini bir araya gətirib.
Dual təhsil proqramı zamanı tələbələr təhsillərini peşə təhsili və təlimi (PTT) müəssisələrində davam etdirir və eyni zamanda, peşə sahələrinə uyğun olaraq özəl sektor şirkətlərində praktiki təcrübə əldə edirlər. Tələbələr real iş mühitində öz mentorlarının peşəkar dəstəyindən istifadə edir və PTT mərkəzlərində öyrəndikləri nəzəri bilikləri burada tətbiq edərək əmək bazarının tələbatlarına uyğun bacarıqlar əldə edirlər. Bu proqram PTT müəssisələrinə bazar tələblərindən birbaşa xəbərdar olmağa və təhsilin məzmununda müvafiq dəyişikliklər etməyə imkan yaradır. Bundan əlavə, dual yanaşma şirkətlərə öz potensial kadrlarını daha az resursla yetişdirməyə, həmçinin təhsil və özəl sektor sahələrində müxtəlif şəbəkələrə daxil olaraq yeni tərəfdaşlıqlar yaratmağa kömək edir.
Layihənin özəl sektorla işi çərçivəsində 2 il ərzində dual /iş yerində öyrənmə proqramına 32 şirkət qoşulub. 8 peşə təhsili müəssisəsindən 41, özəl sektordan isə 126 mentor turizm və qonaqpərvərlik, nəqliyyat, mebel istehsalı və media istiqamətləri daxil olmaqla 24 müxtəlif peşə üzrə prosesə cəlb olunub. Layihənin dəstəyi ilə Bakı, Cəlilabad, Gəncə, Lənkəran və Şəki şəhərlərindən 573 tələbə bu proqramda iştirak edib və məzunların 70%-dən çoxu təcrübədə olduğu şirkətlərdən rəsmi iş təklifi alıb.
Dual / iş yerində öyrənmə proqramı sözügedən layihənin özəl sektorla işi istiqamətində həyata keçirilir və Azərbaycanda peşə təhsili sahəsində innovasiyaların tətbiqi, potensialın təkmilləşdirilməsi və şəbəkələşmə ilə bağlı hədəflərinə yönəlir.

KARUSEL / CƏMİYYƏT
Tarix: 18-07-2023, 17:28