mobil versiya

Valyuta rejimini tənzimləyən qaydalar təkmilləşdirilib



Fiziki şəxslərin məqsədli köçürmələrinin, o cümlədən sahibkarlıq subyektlərinin xarici ticarət əməliyyatlarının daha əlverişli rejim çərçivəsində aparılması məqsədilə “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nda (Qaydalar) Mərkəzi Bankın İdarə Heyətinin 2023-cü il 28 iyul tarixli Qərarı ilə dəyişikliklər edilib.
Mərkəzi Bankdan bildirilib ki, həmin dəyişikliklər Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə (https://e-qanun.az/framework/54860) daxil edilib və avqustun 9-da qüvvəyə minib. Dəyişikliklərə əsasən fiziki şəxslərin şəxsi məqsədlər üçün ölkə xaricinə köçürdükləri məbləğlər üzrə gündəlik limitlər ləğv edilib, köçürmə formasından (hesab açmadan və ya hesab vasitəsilə) asılı olmayaraq 20 min ABŞ dolları ekvivalentinədək aylıq limit müəyyən edilib, həmçinin fiziki şəxslərin təkcə özünün deyil, digər şəxslərin də xaricə səfərləri ilə bağlı nəqliyyat və otel (gecələmə) xərclərini ödəmək imkanı nəzərdə tutulub.
Eyni zamanda bazar iştirakçılarının rəy və təklifləri nəzərə alınmaqla, idxal olunan mallar üzrə köçürmələr zamanı sənədləşmə prosesi sadələşdirilmiş, ticarət vasitəçiliyi əməliyyatlarında isə vasitəçi tərəfindən əvvəlcədən köçürmə qaydasında satıcıya 180 günədək avans ödənişinin həyata keçirilməsi imkanı müəyyənləşdirilib. Bu zaman vasitəçi müvəkkil banka ödənişi təmin edən geri götürülməyən akkreditiv və ya bank qarantiyası təqdim etməlidir.
Bununla yanaşı, beynəlxalq təcrübə də nəzərə alınmaqla Azərbaycan Respublikasının ərazisində emissiya olunmuş ödəniş kartları vasitəsilə rezident fiziki şəxslər tərəfindən ölkə hüdudlarından kənarda təqvim ayı ərzində 10 min ABŞ dolları ekvivalentinədək məbləğdə pul vəsaitinin nağdlaşdırılması müəyyən edilib.
Qaydalarda edilən digər dəyişikliklər “Siyasi partiyalar haqqında”, “Dövlət-özəl tərəfdaşlığı haqqında”, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli maliyyə sanksiyaları haqqında” qanunlara, habelə Vergi Məcəlləsində edilmiş dəyişikliklərə uyğunlaşdırma xarakteri daşıyır.(azərtac)

KARUSEL / İQTİSADİYYAT
Tarix: 10-08-2023, 11:48