“BİZİM SƏBRİMİZLƏ OYNAMASINLAR!..." - Prezident xəbərdarlıq etdi
Sentyabrın 29-da Zəngilanda keçirilən “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimində çıxışı zamanı Prezident İlham Əliyev sentyabrın 20-də Qarabağda həyata keçirilən xüsusi əməliyyatdan danışıb, ölkəmizin bu əməliyyatda niyyətinin nə olduğunu açıqlayıb.
Dövlətimizin başçısı həm də bu gün Azərbaycana qarşı qəbuledilməz planları olan tərəflərə də mesaj verib: “Bizim səbrimizlə oynamasınlar. Biz səbirliyik, ancaq qətiyyətliyik. Biz haqlı olduğumuzu sübut edə bilirik və edirik. Ona görə yox ki, bizim gücümüz var, çünki haqq-ədalət bizim tərəfimizdədir”.
Bu barədə AzPolitika.info xəbər verir.
"Biz Qarabağın erməni əhalisinin hüquqlarını təmin edəcəyik. Artıq biz onlara bu məsələ, reinteqrasiya ilə bağlı, onların hüquqlarına dair öz baxışımızı təqdim etmişik. Dini, təhsil, mədəni, bələdiyyə hüquqları (Qarabağ ermənilərinin – red.) - bütün bu məsələlər beynəlxalq konvensiyalara uyğun olaraq həll ediləcək. Bunlar Azərbaycanın iştirakçısı olduğu bütün konvensiyalara, bizim Konstitusiyamıza və beynəlxalq öhdəliklərimizə uyğun həyata keçiriləcək”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Azərbaycan Prezidenti daha sonra qeyd edib: "Sentyabrın 20-dən sonra artıq zaman yetişib ki, bizim nümayəndələr əyləşsinlər və artıq sülh sazişinin layihəsi üzərində işləsinlər. Sentyabrın 20-də biz suverenliyimizi artıq bərpa etmişik. Bundan sonra sülh sazişinin tezliklə imzalanması daha asan olacaq".
Bununla yanaşı, sərhədlərin delimitasiyası üzərində fəal şəkildə çalışmağın və uzun müddət sürən bu qarşıdurmaya son qoymağın əhəmiyyətini vurğulayan dövlətimizin başçısı qeyd edib: “Azərbaycanda biz sülh istəyirik. Zəngilanda bu gün gördükləriniz onu sübut edir ki, biz sülh istəyirik, biz bu əraziləri bərpa etmək istəyirik, soydaşlarımızı vətəninə qaytarmaq istəyirik. Biz Qafqazda sülh və sabitlik istəyirik. Bu, mümkündür və seçim Ermənistanındır”.
Azərbaycan Prezidenti bildirib: "Sentyabrın 20-də biz Qarabağdakı Ermənistan ordusuna bəyan etdik ki, silahlarınızı yerə qoyun və oraları tərk edin. Bu, belə də oldu, bu baş verdi. Yəni, biz sözümüzə, vədimizə əməl edirik, sadiqik.
Dövlətimizin başçısı əmin olduğunu bildirib ki, əgər Ermənistan hökuməti 2019-cu ildə verilən “Qarabağ Ermənistandır!” bəyanatından sonra sentyabrın 20-dək (2023-cü il – red.) baş verən hadisələri düzgün təhlil etsə, sülh əlçatandır.
“Bu, bizim gələcəklə bağlı baxışımızdır, bu, regionun gələcəyi ilə bağlı baxışımızdır. Hesab edirəm ki, beynəlxalq aktorlar və qonşular görəcəklər ki, bizim münasibətimiz konstruktivdir”, - deyə Azərbaycan Prezidenti diqqətə çatdırıb.
KARUSEL / SİYASƏT
Tarix: 29-09-2023, 17:01