mobil versiya

“Gənclik” stansiyası gücləndirilmiş rejimdə işləyəcək



Azərbaycanın millisinin AVRO-2024-ün seçmə mərhələsində Avstriya yığması ilə keçirəcəyi oyunla əlaqədar axşam saatlarından başlayaraq Bakı metropoliteninin iş rejimində bəzi dəyişikliklər olacaq.
“Bakı Metropoliteni” QSC-dən bildirilib ki, oktyabrın 16-da saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda başlanacaq oyun ərəfəsində arenanın yaxınlığında yerləşən “Gənclik” stansiyasında gücləndirilmiş iş rejimi tətbiq olunacaq. Həmçinin “28 May” və “Nərimanov” stansiyalarında ehtiyat nəzarət mexanizmləri tətbiq ediləcək.
Paytaxtda keçirilən kütləvi tədbirlərlə əlaqədar metropolitenin əməliyyat planına uyğun olaraq, oyun ərəfəsində sərnişinlərin səmti rahatlıqla müəyyən edərək arenaya yollanması məqsədilə xüsusi tərtib olunmuş növbətçilik cədvəli əsasında stansiyaya əlavə işçi qüvvəsi ayrılacaq.
Gün ərzində qatarların hərəkəti qrafiki payız-qış iş rejiminin tələblərinə uyğun tənzimlənəcək. Lakin oyunla əlaqədar qrafik nəzərə alınmaqla müvafiq tənzimləmə mexanizmləri diqqətdə saxlanılacaq. Ehtiyac yaranacağı təqdirdə ehtiyat qatarlar xəttə buraxılacaq. Həmçinin oyun bitdikdən sonra da sərnişinlərin mənzil başına təhlükəsiz və rahat çatdırılması üçün ehtiyat qatarlar hazır vəziyyətə gətiriləcək. Bununla əlaqədar qatarların hərəkət cədvəli daha da intensivləşdirilməklə stansiyadan keçən qatarlar üçün xüsusi cədvəl əsasında interval azaldılacaq.

KARUSEL / İQTİSADİYYAT
Tarix: 13-10-2023, 15:49