AVRO-2024-ün seçmə mərhələsində yeni rekordlar qeydə alınıb – STATİSTİKA
AVRO-2024-ün seçmə mərhələsində VIII tura yekun vurulub.
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 12-17 oktyabr tarixləri arasında keçirilmiş seçmə oyunlarından sonra statistik göstəriciləri açıqlayıb.
Lixtenşteynlə oyunda dubl edən Gilfi Siqurdsson 27 qolla İslandiya millisinin heyətində bütün zamanların ən sərrast oyunçusu olub. O, bu göstərici ilə daha əvvəl 26 qolla reytinqə başçılıq edən Eydur Qudyonsen və Kolbeynn Siqtorssonu qabaqlayıb.
İtaliya yığması 2006-cı ilin sentyabrından sonra seçmə mərhələdə ilk dəfə səfər oyununda məğlub olub. Bu, komandanın İngiltərəyə 1-3 hesabı ilə uduzduğu matça təsadüf edib. “Uembli” stadionundakı qarşılaşmada dubl edən Harri Keyn isə İngiltərə millisində bütün zamanların bombardiri ünvanını ələ keçirib - 24 qol. Ulduz futbolçu bu göstərici ilə Bobbi Çarltonu (23 qol) geridə qoyub.
Finlandiya ilə qarşılaşmada (2:1) rəqib qapısından 2 top keçirən Baxtiyar Zaynutdinov isə Qazaxıstan yığmasındakı qollarının sayını 14-ə çatdıraraq vahid lider olub. O, bunadək 13 qolla zirvədə yer alan Ruslan Baltiyevin nəticəsini yaxşılaşdırıb.
İslandiya ilə oyunda (1:1) fərqlənən Jerson Rodriges 17 qolla Lüksemburq seçməsinin ən sərrast futbolçularının siyahısında zirvəyə yüksəlib. 28 yaşlı hücumçu daha əvvəl Leon Marta (16 qol) məxsus olan rekordu təqribən 80 ildən sonra yeniləyib.
Slovakiya (3-2) və Bosniya və Herseqovina (5-0) ilə qarşılaşmalarda iki qol vuran Kriştianu Ronaldu Portuqaliya yığmasında 153 və 154-cü dublunu rəsmiləşdirib. Amma 38 yaşlı forvard hələ də aktivində 156 dubl olan argentinalı Lionel Messidən geri qalır.
Ronaldu həmçinin 2023-cü ildə 40 qol həddinə çatan ilk oyunçu olub və bu göstəricidə norveçli Erlinq Holannla macarıstanlı Barnabas Varqanı (hər ikisi 39 qol vurub) qabaqlayıb.
Bosniya və Herseqovina ilə matçın (5:0) ilk hissəsində 5 cavabsız qol vuran Portuqaliya millisi 102 illik tarixində fasiləyədək ən böyük hesablı nəticəsini qazanıb.
Doğma meydanda Türkiyə yığmasına 0:1 hesabı ilə uduzan Xorvatiya millisi Avropa çempionatının seçmə mərhələlərində ilk məğlubiyyətini alıb. Komanda bunadək keçirdiyi 37 ev matçında 28 qələbə qazanıb, 9 dəfə heç-heçə edib.
Norveçlə səfər görüşündə (1:0) İspaniya millisinin heyətində 5-ci qolunu vuran Qavi bu göstəriciyə çatan ən gənc oyunçu (19 yaş 71 gün) olub. O, 1926-cı il dekabrın 19-da (20 yaş 180 gün) yığmanın heyətində 5-ci qolunu vuran Xuan Erraskinin rekordunu yeniləyib. Bununla da Qavi 20 yaşını tamamlamadan İspaniya millisində 5 qol vuran ilk futbolçu kimi tarixə düşüb.
Danimarka yığmasında 130-cu matçına çıxan Simon Kyaer Peter Şmeyxeli (129 matç) geridə qoyaraq milli komandanın tarixində ən çox oyun keçirən futbolçu olub.(azərtac)
KARUSEL / İDMAN
Tarix: 18-10-2023, 14:29