mobil versiya

Ölkədə dairə seçki komissiyaları təşkil edilib



Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.
MSK-nın sentyabrın 19-da keçirilən iclasında seçki dairələrinin yaradılması sxemi və qrafik təsviri təsdiqlənib.
Seçki dairələrinin formalaşdırılması, bəzi seçki dairələrinin ləğv olunması, yeni seçki dairələrinin yaradılması nəticəsində seçki dairələrinin ümumi sayı dəyişməyib. Azərbaycanda yenə ümumilikdə 125 seçki dairəsi var.
MSK sədri Məzahir Pənahov deyib ki, MSK-nın bu gün keçirilən iclasında Azərbaycanda 92 seçki dairəsi üzrə dairə seçki komissiyaları təşkil ediləcək. 33 seçki dairəsinin isə sıra sayı və adı dəyişmədiyindən seçki komissiyalarının tərkibinin olduğu kimi saxlanılacaq və təşkil olunmuş hesab ediləcək.
Qərar layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.
Qeyd edək ki, dairə seçki komissiyası 9 üzvdən ibarətdir. Dairə seçki komissiyasının üzvləri Mərkəzi Seçki Komissiyası tərəfindən təyin edilirlər. Dairə seçki komissiyasının 3 üzvünün namizədliyi deputatları Milli Məclisdə çoxluq təşkil edən siyasi partiyanı Mərkəzi Seçki Komissiyasında təmsil edən komissiya üzvləri tərəfindən, 3 üzvünün namizədliyi deputatları Milli Məclisdə azlıq təşkil edən siyasi partiyaları Mərkəzi Seçki Komissiyasında təmsil edən komissiya üzvləri tərəfindən, 3 üzvünün namizədliyi isə heç bir siyasi partiyaya mənsub olmayan Milli Məclis deputatlarını Mərkəzi Seçki Komissiyasında təmsil edən komissiya üzvləri tərəfindən təqdim edilir. Dairə seçki komissiyasının üzvlüyünə namizədləri Mərkəzi Seçki Komissiyasında siyasi partiyaları təmsil edən komissiyanın üzvlərinə müvafiq siyasi partiyaların yerli təşkilatları da təqdim edə bilərlər. Heç bir siyasi partiyaya mənsub olmayan deputatları Mərkəzi Seçki Komissiyasında təmsil edən komissiya üzvləri tərəfindən dairə seçki komissiyasına irəli sürülmüş namizədlərin 2-si maraqlı tərəflərlə razılaşdırılır: 1 namizəd deputatları Milli Məclisdə çoxluq təşkil edən siyasi partiyanı Mərkəzi Seçki Komissiyasında təmsil edən komissiya üzvləri ilə, digər namizəd deputatları Milli Məclisdə azlıq təşkil edən siyasi partiyaları Mərkəzi Seçki Komissiyasında təmsil edən komissiya üzvləri ilə.
Seçki komissiyasının sədri, iki katibi dairə seçki komissiyasının birinci iclasında açıq səsvermə yolu ilə seçiləcək. Seçki komissiyasının sədri Milli Məclisdə deputatları çoxluq təşkil edən siyasi partiyanı, katiblərin hər biri isə Milli Məclisdə deputatları azlıq təşkil edən siyasi partiyaları və müstəqil deputatları təmsil edirlər.
Növbəti mərhələdə isə dairə seçki komissiyaları məntəqə seçki komissiyalarını formalaşdıracaq.

KARUSEL / ÖLKƏ
Tarix: 18-10-2023, 17:15