mobil versiya

Azərbaycan BMT-nin Yaxın Şərq Agentliyinə 1,6 milyon dollar yardım edib


"Yaxın Şərqdə təhlükəsizlik vəziyyətinin ciddi şəkildə pisləşməsi ilə nəticələnən son hadisələr narahatlıq doğurur".
Bunu xarici işlər naziri Ceyhun Bayramov Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərinə işgüzar səfəri çərçivəsində İsrail-Fələstin münaqişə zonasında baş verən son hadisələr ilə bağlı İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İcraiyyə Komitəsinin nazirlər səviyyəsində keçirilən növbədənkənar iclasında çıxışı zamanı deyib.
Nazir Azərbaycanın hərbi əməliyyatlar və eskalasiyanın dayandırılmasına çağırış etdiyini diqqətə çatdırıb.
Xüsusilə, qadın və uşaqların da daxil olduğu mülki əhali arasında artan itkilərlə bağlı qurbanların ailələrinə başsağlığı ifadə olunub, yaralananlara şəfa arzulanıb. Dinc insanların həyatına qarşı təhlükənin, habelə mövcud vəziyyətin gərginləşdirilməsinin qarşısının alınması istiqamətində mülki və infrastruktur obyektlərinin, habelə müqəddəs yerlərin qorunmasının vacibliyi vurğulanıb.

Münaqişə coğrafiyasının mümkün genişlənməsi ilə bağlı xəbərlərin narahatlıq doğurduğu, bu xüsusda mövcud vəziyyətin aradan qaldırılması məqsədilə sülh danışıqlarına təhdid törədən addımlara qarşı beynəlxalq ictimaiyyətin birgə səylərinin əhəmiyyəti qeyd olunub.
İslam həmrəyliyinə hər zaman sadiq qalan ölkəmizin Fələstin xalqının dövlətçilik mübarizəsini dəstəklədiyini qeyd edən Ceyhun Bayramov, Azərbaycanın beynəlxalq hüquq normaları, habelə müvafiq BMT qətnamələrinə uyğun olaraq İsrail-Fələstin münaqişəsinin Şərqi Qüdsün Fələstin Dövlətinin paytaxtı olması ilə iki dövlət prinsipi əsasında həllinə tərəfdar olduğunu qeyd edib.
Münaqişənin nəticələrinin aradan qaldırılması istiqamətində Azərbaycanın səylərindən bəhs edən nazir ölkəmizin fələstinli qaçqınlara dəstək məqsədilə BMT-nin Yaxın Şərq Agentliyinə 1,6 milyon dollar maliyyə töhfəsi verdiyini diqqətə çatdırıb.
Xüsusilə, Qoşulmama Hərəkatına sədrliyimiz dövründə ölkəmizin Fələstin probleminə xüsusi diqqət yetirdiyi, bu xüsusda Hərəkatın Fələstin üzrə Nazirlər Komitəsinin işinin gücləndirilməsi istiqamətində fəaliyyət göstərdiyi bildirilib.
C.Bayramov bundan sonra da Fələstin probleminin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə həllinə nail olmaq üçün səylərimizi davam etdirəcəyimizi bildirib.


KARUSEL / GÜNDƏM
Tarix: 18-10-2023, 17:31