“AzerGold” QSC 3-cü “Rebuild Karabakh” sərgisində iştirak edir
“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) Bakı Ekspo Mərkəzində keçirilən 3-cü Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” – “Rebuild Karabakh” sərgisində iştirak edir.
Sərgi pavilyonunda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən geniş abadlıq-quruculuq tədbirləri ilə bağlı yerli və xarici şirkətlər, dövlət qurumları tərəfindən təqdimatlar edilir, mövcud məhsul və xidmətlər sərgi iştirakçılarının diqqətinə çatdırılır.
“AzerGold” QSC-nin sərgi guşəsində isə Qarabağ və Şərqi Zəngəzurun Ermənistan tərəfindən işğalı dövründə həyata keçirilmiş qanunsuz istismar faktlarına hüquqi qiymətin verilməsi məqsədilə aparılan araşdırmalar, habelə Kəlbəcər rayonu ərazisində yerləşən “Tutxun” təzahür sahəsində icra olunan yerüstü axtarış-kəşfiyyat işlərinə dair məlumatlar verilir. Həmçinin dövlət şirkətinin əsas fəaliyyət göstəriciləri, hasilat bölgələrində həyata keçirdiyi çoxsaylı ekoloji və sosial məsuliyyət tədbirləri haqqında təqdimat, audiovizual və çap materialları sərgi iştirakçılarının diqqətinə çatdırılır.
Eyni zamanda sərgidə “AzerGold” QSC tərəfindən 2019-cu ildən ölkəmizin pərakəndə satış bazarına təqdim edilən qızıl və gümüş sikkələr, eləcə də qızıl külçələr nümayişə çıxarılıb. Nəfis tərtibatda dizayn edilmiş, incə naxışlarla zərb edilmiş 999.9 əyarlı məhsullar sərgini ziyarət edən yerli və xarici vətəndaşların böyük marağına səbəb olur. Qonaqlara Azərbaycanın müasirliyini, tarix və incəsənətini, qədim ənənələrini təbliğ edən “Heydər Əliyev Mərkəzi”, “Qobustan”, həmçinin Qarabağın tarixi-mədəni irsini tərənnüm edən “Qarabağ inciləri”, “Şuşa”, “Qarabağ xalçası: Çələbi”, “Xurşidbanu Natəvan” və digər qiymətli məhsullar barədə ətraflı məlumatlar verilir.
Qeyd edək ki, müzəffər Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə işğaldan azad edilmiş Qarabağın bərpası və inkişafına həsr olunmuş yeganə və ilk ixtisaslaşmış sərgi olan “Rebuild Karabakh” 21 oktyabr tarixinədək davam edəcək.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 19-10-2023, 18:21