İpoteka kreditləşməsi üçün müraciətlərin həcmi 1,5 milyard manatı ötüb
Bu il ipoteka kreditləşməsi üçün İpoteka Kredit və Zəmanət Fonduna (İKZF) müraciətlərin həcmi 1,5 milyard manatdan çox olub.
Bunu İpoteka Kredit və Zəmanət Fondunun (İKZF) baş direktoru İlham Kələşov ATV kanalında yayımlanan "İqtisadi zona" verilişində deyib.
Onun sözlərinə görə, bu, ötən ilin analoji dövrü ilə müqayisədə 26% çoxdur.
Baş direktor bildirib ki, bu il Azərbaycanda 5 minə yaxın şəxs ipoteka kreditlərindən, mindən çox şəxs isə kirayə mənzil mexanizmindən istifadə edib. İstər ipoteka kreditləşməsində, istərsə də kirayə mənzil mexanizmində əsas göstəricilər son 3 illə bağlıdır.
Belə ki, son 3 ildə 16 mindən çox şəxsə 1,2 milyard manat ipoteka krediti ayrılıb. Ümumilikdə 3 ildə Fondun xətti ilə 20 mindən çox vətəndaş öz mənzil şəraitini yaxşılaşdırmağa nail olub. İpoteka kreditləşməsi və kirayə mənzil mexanizmindən istifadə edərək mənzil sahibi olanların böyük əksəriyyəti gənc ailələr və gənclərdir:
"Statistik olaraq bu gün hər iki mexanizmdən istifadə edərək mənzil sahibi olanların 67%-i gənclərdir. Ümumilikdə ipoteka kreditləşməsi üzrə orta yaş həddi 34 yaş təşkil edir", - deyə o qeyd edib.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 23-10-2023, 12:57