Azərbaycan nifrət siyasətinin acı nəticələrindən əziyyət çəkir - Səbinə Əliyeva
Etnik zəmində ayrı-seçkilik, nifrət nəticəsində yaranmış münaqişələr müasir dövrdə dünyada ən mühüm problemlərdən biridir. Etnik zəmində nifrət siyasətinin həyata keçirilməsi, nifrət nitqinin mövcudluğu ümumbəşəri dəyərlərlə ziddiyyət təşkil etməkdədir. Bu cür mənfi hallar millətlər, dövlətlər arasında münaqişələrin baş verməsinə gətirib çıxarır, cəmiyyətdə hüquq bərabərliyinin təmini məsələsinə maneə yaradır.
Bu barədə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva “Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi” hesabatının təqdimatı mərasimində çıxışında deyib.
“Təəssüflər olsun ki, uzun illərdir Azərbaycan da bu siyasətin acı nəticələrindən əziyyət çəkir. Ermənistanın ölkəmizə qarşı əsassız ərazi iddiaları, bu ölkənin siyasi rəhbərliyinin bölgədəki digər millətlərə qarşı formalaşdırdığı nifrət ideologiyası etnik təmizləmə və işğalçılıq siyasəti ilə müşayiət edilib.
Tərəfimizdən hazırlanmış və bu gün bir nəşrdə diqqətinizə təqdim olunan “Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi” ilə bağlı hesabatlar Ermənistanın etnik zəmində həyata keçirdiyi nifrət siyasətini faktoloji materiallarla təsdiq edir.
Ermənistan tərəfin torpaqlarımızın uzun illər işğal altında saxlanılması və bir milyondan çox insanın öz yurd-yuvalarından didərgin salınaraq qaçqın və məcburi köçkünə çevrilməsi azərbaycanlılara qarşı aparılan nifrət siyasətinin bariz göstəricisidir”,- deyə S.Əliyeva bildirib.
Qeyd edək ki, bu gün Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi hesabatının təqdimatı keçirilir.(trend)
KARUSEL / CƏMİYYƏT
Tarix: 30-10-2023, 10:36