mobil versiya

Bu ölkədən qida məhsullarının gətirilməsinə məhdudiyyət qoyulacaq



Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Vyetnamda fəaliyyət göstərən və təsdiqdən keçməyən qida obyektlərindən məhsul idxalına məhdudiyyətin tətbiqi ilə bağlı xəbərdarlıq edib.
AQTA-dan bildirilib ki, AQTA xarici ölkələrdə fəaliyyət göstərən və məhsulları respublikamıza idxal edilən qida obyektlərinin təsdiqi prosesini və bu istiqamətdə müvafiq tədbirləri davam etdirir. Bu çərçivədə agentlik tərəfindən Vyetnamın səlahiyyətli dövlət qurumları olan Kənd Təsərrüfatı və Kənd İnkişaf, Səhiyyə, Sənaye və Ticarət nazirliklərinə məktub göndərilib. Məktubda bildirilib ki, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, respublikamıza heyvan mənşəli qida məhsullarını ixrac etmək niyyətində olan xarici qida subyektləri agentlik tərəfindən təsdiqlənməlidir. Həmin məhsulların istehsal edildiyi və emal olunduğu müəssisələrin təsdiqlənməsi üçün qida subyektləri AQTA-ya müraciət etməlidirlər. Həmin obyektlərdə yerində və ya videoinspeksiya formatında qiymətləndirmə həyata keçirilməlidir. Məktubda qeyd olunub ki, 2023-cü il noyabrın 1-dən etibarən Vyetnamdakı müvafiq qaydada təsdiq edilməmiş müəssisələrdən Azərbaycana qida məhsullarının gətirilməsinə məhdudiyyət tətbiq olunacaq.
AQTA bir daha ölkəmizə qida məhsullarının idxalı ilə məşğul olan sahibkarlara xəbərdarlıq edərək bildirir ki, müvafiq qanunvericiliyin tələbinə əsasən, təsdiq üçün müraciət etməyən şirkətlərin xüsusi risk qrupuna daxil olan baytarlıq nəzarətinə aid qida məhsullarını idxal etməsi mümkün olmayacaq.

KARUSEL / İQTİSADİYYAT
Tarix: 31-10-2023, 15:52