“Masdar” şirkəti Hidrogen Şurasına üzv qəbul edilib
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Masdar” şirkəti qlobal karbonsuzlaşdırma üçün mühüm katalizator kimi hidrogenin gələcəyini fəal şəkildə formalaşdıran Hidrogen Şurasına üzv qəbul edilib.
WAM informasiya agentliyi xəbər verir ki, BƏƏ-nin bərpa olunan enerji şirkəti “Abu Dhabi Future Energy Company – Masdar” ilə yanaşı, Hindistanın çoxmillətli konqlomeratı “Larsen və Toubro”, habelə elektrolizator dəyər zənciri üçün əsas komponent təklif edən Belçikanın “Agfa” şirkətləri də Şuraya qoşulublar.
2017-ci ildə Davosda keçirilən Dünya İqtisadi Forumunda 13 təsisçi üzv tərəfindən yaradılan Hidrogen Şurası cəmi altı il ərzində 20-dən çox ölkədə yerləşən və bütün hidrogen dəyər zəncirini təmsil edən 140 transmilli şirkəti ətrafında birləşdirə bilib. Sənaye liderlərinin bu artan üzvlük bazası son bir ildə 35 faizdən çox investisiya artımı ilə təmiz hidrogen üçün görünməmiş sürəti əks etdirir. Şura bəyan edib ki, Paris Sazişi ilə müəyyən edilmiş iqlim hədəflərinə uyğun olaraq, xalis sıfır emissiyaya keçidi təşviq etmək üçün hidrogenin yerləşdirilməsinin sürətləndirilməsi mühüm əhəmiyyət kəsb edir.
“Kawasaki Heavy Industries, Ltd”nin sədri və Hidrogen Şurasının həmsədri Yoşinori Kanehana yeni üzvləri və onların töhfələrini salamlayaraq deyib: “Bu üç yeni üzvün etikası Hidrogen Şurasının hidrogenlə bağlı fikirləri ilə üst-üstə düşür. Biz daha yaxşı, daha davamlı enerji gələcəyi üçün təmiz enerjiyə keçidi təmin edirik. Bizim birgə səylərimiz təkcə enerji mənzərəsini dəyişdirməyəcək, həm də gələcək nəsillər üçün təmiz enerji irsində qalıcı iz buraxacaq”.
“Linde plc” şirkətinin baş direktoru və Hidrogen Şurasının həmsədri Sanciv Lamba əlavə edib: “Yeni üzvlərin Şuraya gətirdikləri zəngin təcrübə və fədakarlığı yüksək qiymətləndiririk. Onların sıralarımıza qoşulması ilə biz hidrogenin gücü vasitəsilə qlobal təmiz enerji keçidini inkişaf etdirmək kimi ümumi məqsədimizə doğru irəliləyişə nail olmaq üçün daha yaxşı mövqedəyik”.
“Masdar” şirkətinin baş direktoru Məhəmməd Cəmil Əl-Ramahi qeyd edib: “Masdar” yaşıl hidrogenin enerji keçidinin mühüm sütunu olacağını qəbul edir və 2030-cu ilədək BƏƏ-nin illik potensialı - bir milyon ton istehsal gücü hədəfi ilə yaşıl hidrogen iqtisadiyyatını qurmağa dərindən sadiqdir. Qlobal karbonsuzlaşdırma məqsədlərinə çatmaq uçun hidrogenin rolunu artırmaq üzrə səyləri birləşdirən Hidrogen Şurasına və digər həmfikir şirkətlərə qoşulmaqdan məmnunuq”. (azərtac)
KARUSEL / İQTİSADİYYAT
Tarix: 31-10-2023, 17:08