Fransa elə bir dövlətdir ki, hər zaman söz oyunu oynayır - Qvadelupenin nümayəndəsi
Fransa elə bir dövlətdir ki, hər zaman söz oyunu oynayır. Çünki sözün dəyərini, nə kimi önəmi olduğunu yaxşı bilir və hər zaman öz maraqlarından çıxış edir.
Bunu Qvadelupenin Beynəlxalq Reparasiya Hərəkatının Birinci vitse-prezidenti Viktorina Sinna deyib.
O bildirib ki, Fransa qardaşlıqdan, bərabərlikdən, azadlıqdan danışır, amma bilinmir bu qardaşlıq, azadlıq, bərabərlik kim üçün nəzərdə tutulur?
"Tarixə baxsaq görərərik ki, xalqlarımız hər zaman ayrı-seçkiliyə məruz qalıb. Qardaşlıqdan danışır, amma kütləvi şəkildə qardaşlarımızı qırıb, Afrika ölkələrini istismar ediblər. Biz təkcə quldarlığın qurbanı deyilik. Quldarlıq hər yerdə olub. Amma biz əsasən deportasiyanın qurbanı olmuşuq. Ərazimizi, insanlarımızı, milli mənsubiyyətimizi, müstəqilliyimizi, inanclarımızı, ruhumuzu itirmişdik. Hər şeyimiz oğurlanmışdı. Biz böyük çətinliklərlə üzləşmişdik. İndi bu zənciri qırmağın yollarını axtarırıq. Ümid edirik ki, Fransının ölkələrimizdə törətdiyi cinayətlər tanınacaq. Hər zaman deyirik ki, buna cavab verməlidirlər. Ayrı-seçkilik istəmirik. Elə bir cəmiyyət istəyirik ki, mənsubiyyərimizi qoruya bilək. İstəyirik ki, bütün Afrika ölkələri deportasiyaya qarşı mübarizəni gücləndirə bilsinlər. Afrika qadınları öz uşaqlarının taleyi haqqında fikirləşir. Onların ölkələrinin azadlığını özlərinin təmin etmələrini istəyirik. Biz azadlığı istəməməli, özümüz qoparıb almalıyıq",- deyə o bildirib.
Qeyd edək ki, Bakıda "Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişafı" mövzusunda tədbir keçirilir. Tədbir Qoşulmama Hərəkatının Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə baş tutur.(trend)
KARUSEL / SİYASƏT
Tarix: 21-11-2023, 13:43