İlham Əliyev Macarıstanın Baş naziri ilə görüşüb

Noyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orban ilə görüşüb.
Macarıstanın Baş naziri Viktor Orban SPECA-nın Zirvə görüşündə fəxri qonaq qismində iştirak üçün dəvətə görə dövlətimizin başçısına təşəkkürünü bildirdi. O, Macarıstan xalqının ən xoş arzularını və Azərbaycanın suverenliyinin bərpası, regionda vəziyyətin sabitləşməsi münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırdı.
Prezident İlham Əliyev Azərbaycan ilə Macarıstan arasında əlaqələrin və dostluq münasibətlərinin hərtərəfli inkişafından məmnunluğunu ifadə etdi, ölkələrimizin ikitərəfli əsasda və Türk Dövlətləri Təşkilatı çərçivəsində yaxından əməkdaşlıq etdiyini, həmçinin SPECA-nın işbirliyi üçün yeni format yaratdığını vurğuladı.

Dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycan ilə Mərkəzi Asiya ölkələri siyasi, iqtisadi, geosiyasi baxımdan vahid məkanı özündə əhatə edir. Ölkələrimiz arasında iqtisadi inteqrasiya daha da dərinləşir, Mərkəzi Asiyanı Xəzər dənizi və Qara dəniz ilə birləşdirən nəqliyyat, enerji, o cümlədən bərpaolunan enerji və digər sahələrdə yeni əməkdaşıq layihələri və platformaları inkişaf etdirilir.

Görüşdə ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində də uğurla əməkdaşlıq etdiyi qeyd olundu. Azərbaycan ilə Macarıstan arasında iqtisadi-ticari, investisiya əlaqələrinin inkişafından məmnunluq ifadə edildi. Bu baxımdan ölkələrimiz arasında enerji sahəsində icra olunan layihələrin önəmi xüsusi vurğulandı, turizm, əczaçılıq, nəqliyyat-logistika sahələrində və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edildi.
KARUSEL / SİYASƏT
Tarix: 23-11-2023, 20:07