mobil versiya

Türk Dünyasının Yumor Festivalı keçirilib



Dekabrın 2-də "Yaradıcı həftə" çərçivəsində Mədəniyyət Nazirliyinin dəstəyi ilə Nizami Kino Mərkəzində Türk Dünyasının Yumor Festivalı keçirilib.
Mədəniyyət N azirliyinin yaydığı məlumata görə, festivalın əsas məqsədi qarşılıqlı mədəni inteqrasiya, təcrübə mübadiləsi, yaradıcı və peşəkar qarşılıqlı fəaliyyət, inkişaf yolunda möhkəmlənmə, şou-biznes sahəsində birgə beynəlxalq yaradıcılıq layihələrinin hazırlanmasıdır.
Açılış nitqi söyləyən TÜRKSOY-un baş katibinin müşaviri Kayrat Mukanov baş katib Sultan Raevin qonaqlara salamını çatdırıb. Qeyd edib ki, Türk Dünyasının Yumor Festivalı ilk dəfədir keçirilir. Bu festivalın məhz Azərbaycanda keçirilməsi sevindirici haldır. Festivalda Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tatarıstandan (RF) yumor sahəsini təmsil edən yaradıcı sənayenin tanınmış simaları iştirak edirlər. Bu axşam Türk dünyasının yumor ustaları “stand-up” janrında çıxışlar edəcək və sonda münsiflər heyətinin qiymətləndirməsinə əsasən ölkələrdən biri qalib seçiləcək.

Daha sonra yumor ustaları Erkin Ergin, Cavid Qurbanov, Rüstəm Əhmədov (hamısı Azərbaycan), Oğulcan Bektaş, Doruk Kaparlar (hər ikisi Türkiyə), Ayrat Mavlyutov, Bulat Xanmurzin (hər ikisi Tatarıstan), Medet Kalibekov, Aubakir Emilbay (hər ikisi Qazaxıstan), Taras Kosimbarov, İndira Miftaxova (hər ikisi Özbəkistan), Azimxan Raxatov, Anzor Borzayev (hər ikisi Qırğızıstan) öz istedadlarını nümayiş etdiriblər.
Münsiflər heyətinin qərarına əsasən, Tatarıstanı təmsil edən Kazan stand-up klubunun üzvü Bulat Xanmurzin qalib adını qazanıb.
Qalibə festivalın kuboku təqdim edilib.
Sonda münsiflər heyətinin üzvləri çıxış edərək festivalın təşkilatçılarına təşəkkürlərini bildiriblər.

KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 4-12-2023, 11:13