mobil versiya

İqtisadiyyat Nazirliyi sahibkarlara müraciət edib



Antiterror əməliyyatı nəticəsində işğaldan azad olunmuş ərazilərdə yaşayan sakinlərin, burada təmsil olunan dövlət qurumları, podratçı təşkilatlar və onların işçi heyətinin bir sıra xidmətlərlə təmin olunmasına zərurət yaranıb.
Bu barədə İqtisadiyyat Nazirliyinin yaydığı məlumatda deyilir.

Bildirilib ki, bununla əlaqədar, bu ərazilərdə ticarət, ictimai iaşə, məişət xidməti və digər istiqamətlərdə bəzi müəssisə və obyektlərin fəaliyyətinin (hotel, restoran, aptek, çörəkbişirmə, avtomobil servis mərkəzi və avtoyuma, çamaşırxana və quru təmizləmə, təmizlik xidməti, yükdaşıma xidməti, mobil operator məntəqələri və inşaat malları mağazası) bərpası planlaşdırılır.

Bu məqsədlə aşağıda qeyd olunan tələblərə cavab verən kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid olan sahibkarlara və hüquqi şəxslərə əməkdaşlıq təklif edilir. Müraciətçilərə dair tələblər:

Fəaliyyətə ən qısa zamanda başlama imkanının olması;

Kadr potensialının mövcud olması;

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təklif etdiyi şəxslərin kvota üzrə işlə təmin olunması;

Fəaliyyətin təmin olunması üçün dövriyyə vəsaitlərinin (maliyyə vəsaiti, xammal, mal-material və s.) olması;

Müvafiq sahə üzrə maddi-texniki bazasının olması (avadanlıq, texnika və s. təminatının olması);

Müvafiq sahə üzrə təcrübəyə malik olması;

Dövlət büdcəsi qarşısında gecikdirilmiş vergi, Dövlət Sosial Müdafiə Fondu (DSMF) və digər öhdəliklərinin olmaması.

Müvafiq sahə üzrə fəaliyyətin təmin edilməsinə maraqlı olduğunuz təqdirdə aşağıda göstərilən sənədləri 31 yanvar 2024-cü il saat 12:00-a kimi [email protected] elektron poçt ünvanına göndərmək xahiş edilir:

İşçilərin siyahısı;

Maddi-texniki baza haqqında məlumat;

Bank çıxarışı və anbar qalığı haqqında məlumat;

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) hüquqi şəxslərin dövlət reyestrindən çıxarış və müvafiq sahə üzrə təcrübəsi haqqında məlumat;

Dövlət büdcəsi qarşısında vergi, DSMF və digər öhdəliklərinə dair DVX-dən arayış;

İşğaldan azad olunmuş ərazilərdə mal, iş və ya xidmət təqdim edilməsi barədə müqavilə və ya digər yerinə yetirilmiş işlər barədə məlumat;

Qanunvericiliyin tələblərinə uyğun olaraq lisenziya və icazə tələb olunan sahələrə dair müvafiq sənədlərin notarial qaydada təsdiq olunmuş surəti.

İşğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərəcək sahibkarlar üçün bir sıra güzəştlər və dövlət dəstəyi tədbirləri nəzərdə tutulur.

Vergi güzəştləri:

İşğaldan azad edilmiş ərazinin rezidentləri 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən azaddırlar.

İşğaldan azad edilmiş ərazinin ƏDV-nin məqsədləri üçün qeydiyyatda olan rezidentləri siyahısı təsdiq edilmiş iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların idxalına görə 2023-cü il yanvarın 1-dən etibarən 10 (on) il müddətində ƏDV-dən azaddır.

Bu azadolma müvafiq qaydada verilmiş təsdiqedici sənəd əsasında tətbiq edilir.

İşğaldan azad edilmiş ərazidə vergi uçotuna alınan və həmin ərazilərdə bu fəaliyyəti göstərən vergi ödəyicilərinə istehsal, o cümlədən emal və hasilat fəaliyyəti sahəsi üzrə vergi azadolması tətbiq edilir. Bu vergi azadolması istehsal, o cümlədən emal və ya hasil edilərək işğaldan azad edilmiş ərazi daxilində və ya həmin ərazidən kənara təqdim edilən, habelə ölkəmizdən ixrac edilən mallara görə əldə olunan gəlirlərə şamil edilir.
İşğaldan azad edilmiş ərazidə vergi uçotuna alınan və malları (işləri, xidmətləri) işğaldan azad edilmiş ərazinin rezidentlərinə təqdim edən hüquqi və fiziki şəxslərə topdansatış ticarət, tikinti və xidmət (əhaliyə göstərilən xidmətlər istisna olmaqla) sahələri üzrə vergi azadolması tətbiq olunur.

İşğaldan azad edilmiş ərazidə vergi uçotuna alınan və həmin ərazilərdə fəaliyyət göstərən vergi ödəyicilərinə turizm, pərakəndə ticarət, ictimai iaşə və digər əhaliyə xidmət sahələri üzrə vergi azadolması tətbiq olunur.

Yuxarıda nəzərdə tutulan vergi azadolmaları işğaldan azad edilmiş ərazinin rezidentinin həmin ərazidəki fəaliyyəti ilə bağlı əldə olunan satışdankənar gəlirlərinə də şamil edilir.

Fiziki şəxs olan istehlakçılar tərəfindən işğaldan azad edilmiş ərazilər daxilində yerləşmə vasitələri hesab edilən mehmanxanalar (hotellər) tərəfindən göstərilən gecələmə və qalma xidmətlərinə (digər əlavə xidmətlər istisna olmaqla) görə nağdsız qaydada ödənilən ƏDV-nin 30 faizi, nağd qaydada ödənilən ƏDV-nin 5 faizi geri qaytarılır.

Əməkhaqqının birgə maliyyələşdirilməsi ilə bağlı maliyyə yardımı:

İşəgötürənlər işçi heyətini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin göndərişi əsasında müəyyən edərsə, həmin şəxslərin əməkhaqqının birgə maliyyələşdirilməsi nəzərdə tutulur. Əməkhaqqının 50%-i işəgötürən tərəfindən, 50%-i isə Dövlət Məşğulluq Agentliyi tərəfindən ödəniləcəkdir.

Sosial güzəştlər:
Əmək müqaviləsi üzrə iş yeri işğaldan azad edilmiş ərazilərimizdə olarsa, mütəxəssislər qanunvericilikdə nəzərdə tutulan güzəştlərdən və imtiyazlardan istifadə etmək hüququna malikdirlər.
İşğaldan azad edilmiş ərazilərimizdə 5 təqvim günü müddətində əlavə məzuniyyət verilir.
Sosial sığorta güzəştləri:
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində fəaliyyət göstərən qeyri-dövlət (maliyyə və avtonəqliyyat vasitələri ilə yük daşıma sahələrində fəaliyyət göstərən, eləcə də dövlət büdcəsinin vəsaiti hesabına malları (işləri və xidmətləri) təqdim edən podratçılar (işğaldan azad edilmiş ərazi daxilində istehsal fəaliyyətini həyata keçirən rezident podratçılar istisna olmaqla) sektoru üzrə neft-qaz sahələrində fəaliyyəti olmayan sığortaedənlər (sığortaolunanlar) tərəfindən ödənilən məcburi dövlət sosial sığorta haqqının aşağıdakı hissəsi dövlət büdcəsinin vəsaiti hesabına subsidiyalaşdırılır.
Muzdlu işçisi olan sığortaedən tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqqının:
2023-cü il yanvarın 1-dən 2026-cı il yanvarın 1-dək – 100 faizi miqdarında;
2026-cı il yanvarın 1-dən 2029-cu il yanvarın 1-dək – 80 faizi miqdarında;
2029-cu il yanvarın 1-dən 2031-ci il yanvarın 1-dək – 60 faizi miqdarında;
2031-ci il yanvarın 1-dən 2033-cü il yanvarın 1-dək – 40 faizi miqdarında.
Fiziki şəxslərin (muzdlu işçisi olmayan), o cümlədən sabit qəbz və fərqlənmə nişanı alan vergi ödəyicilərinin də 10 il müddətində özlərinə görə ödədikləri məcburi dövlət sosial sığorta haqlarının 100 faizi miqdarında subsidiyalaşdırılması nəzərdə tutulur.
Kommunal güzəştlər:
Qanunvericiliyə uyğun olaraq, riskli vergi ödəyicisi olmayan, habelə işğaldan azad edilmiş ərazilər üzrə vergi uçotuna alınan və bilavasitə həmin ərazilərdə maddi nemətlər yaratmağa yönəldilmiş fəaliyyəti həyata keçirən hüquqi şəxslərə və fiziki şəxslərə kommunal xidmətlərdən (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) istifadəyə görə ölkədaxili tariflərə uyğun olaraq ödədikləri vəsaitin 20 (iyirmi) faizi məbləğində maliyyə yardımı ödənilir.

KARUSEL / İQTİSADİYYAT
Tarix: 26-12-2023, 11:48