"Polisin qanunsuz təqibləri Korsika xalqını qorxutmaq məqsədi daşıyır" - Bəyanat
Bakı Təşəbbüs Qrupu “Nazione” hərəkatının baş təsis yığıncağının uğurla keçirilməsindən sonra Fransa polisi tərəfindən hərəkatın müstəqillik tərəfdarı olan fəallarının və onların ailə üzvlərinin qeyri-qanuni saxlanılmasını qətiyyətlə pisləyib.
Bakı Təşəbbüs Qrupunun bununla bağlı bəyanatında deyilir: “Yanvarın 28-də Korsikada 700-ə yaxın insan müstəqillik tərəfdarı olan strukturları və fəalları birləşdirən, müstəmləkə hökmranlığına qarşı mübarizəyə hazırkı və gələcək sadiqliyini təsdiqləyən “Nazione” hərəkatını təsis etmişdir.
Korsikalılar istəklərini azad şəkildə ifadə etdikdən iki gün sonra - yanvarın 30-da “Nazione”nin iki fəalı Borgu hərbi düşərgəsində nəzarət altına alınmışdır. Onların ailə üzvləri və digər bir fəalı günortadan sonra Bastiyanın polis bölməsinə çağırılmışdır.
Fəalları tutmaq üçün Fransanın axtarış və əməliyyat qrupu tərəfindən seçilmiş metodlar - sındırılmış qapılar, dağıdılmış evlər, yerə atılan və bunun yarada biləcəyi xəsarət riski ilə valideynlərin öz övladlarının gözləri qarşısında saxlanılması özünü insan hüquqlarının vətəni kimi təqdim edən bir ölkə üçün biabırçılıqdır. Polisin qanunsuz təqibləri davam edir və Korsika xalqını qorxutmaq məqsədi daşıyır.
Beləliklə, biz
- Fransanın hüquq-mühafizə orqanlarının qeyri-qanuni hərəkətlərini qətiyyətlə pisləyirik;
- Fransa hakimiyyətini ədalət və insan hüquqları prinsiplərinə hörmət etməyə, gələcəkdə bu cür tədbirlərin təkrarlanmamasını təmin etməyə çağırırıq. Korsika xalqının sərbəst toplaşmaq azadlığı və istəklərini sərbəst şəkildə ifadə etmək hüququ Fransa hökuməti tərəfindən təmin olunmalıdır;
- Fransa hökumətini müstəmləkə xalqlarına təzyiq göstərməkdən çəkinməyə çağırırıq ;
- Bütün saxlanılanların dərhal sərbəst buraxılmasını tələb edirik;
- Digər qeyri-hökumət təşkilatlarını və siyasi hərəkatları bu bəyanata qoşulmağa, “Nazione” hərəkatına dəstək verməyə dəvət edirik.
KARUSEL / SİYASƏT
Tarix: 1-02-2024, 13:11