mobil versiya

Çin “Şencou-18” kosmik missiyasını orbitə göndərəcək


Çin özünün kosmik stansiyasında fəaliyyət göstərmək üçün növbəti astronavtlar qrupunu - “Şencou-18” (Shenzhou-18) missiyasını kosmosa göndərməyə hazırlaşır.
Çinin Kosmos Agentliyi xəbər verir ki, “Şencou-18” missiyasında astronavtlar Yı Quanfu, Li Çon və Li Quansu iştirak edəcəklər. Kosmik gəmini orbitə aparacaq “Böyük yürüş -2F” daşıyıcı raketinin Ciuçüən məntəqəsindən aprelin 25-də yerli vaxtla səhər saat 8:59-da buraxılması planlaşdırılıb. Raketin buraxılışı ilə əlaqədar bütün texniki testlər icra olunub, son məşq başa çatıb.
“Şencou-18” missiyası kosmik stansiyada 6 aylıq fəaliyyətini aprelin 30-da başa vurmalı olan “Şencou-17” missiyasının astronavtları Tan Honbo, Tan Şencie və Cian Sinlini əvəz edəcək. “Şencou-18” missiyasının astronavtlarının da stansiyada təxminən 6 ay qalması nəzərdə tutulub.
Bu, Çinin orbitə göndərdiyi 13-cü pilotlu missiyası, ümumilikdə isə 31-cu missiyasıdır. Astronavtlar kosmik stansiyada, o cümlədən açıq kosmosda bir neçə tapşırıq və test həyata keçirəcək.
ÇXR-in kosmos proqramının vacib mərhələsi olan kosmik stansiya idarəetmə mərkəzi və heyətin yaşayış yerini əhatə edən əsas modul (“Tianhe”), “Wentian” və “Mengtian” adlı iki laboratoriya modulundan ibarətdir. “Tianhe” 2021-ci ilin aprelində, laboratoriya modulları isə 2022-ci ilin aprelində və oktyabrında kosmosa çıxarılaraq quraşdırılıb. Ümumi çəkisi 70 ton təşkil edən stansiya aşağı Yer orbitində, təxminən 340-450 kilometr yüksəklikdə fəaliyyət göstərir. Kosmik stansiyanın 15 ildən çox istifadə olunması nəzərdə tutulub.(azərtac)


KARUSEL / DÜNYA
Tarix: 24-04-2024, 09:51