mobil versiya

ABŞ və Avropa ölkələri hələ də Çini Rusiyaya təsir etməyə çağırır



Avropa ədalətsiz rəqabətdən şikayətçidir.
ABŞ və Avropa ölkələri hələ də Çini Rusiyaya təsir etməyə çağırırlar. Bu dövlətlər istəyirlər ki, Çin Rusiyanın Ukrayna müharibəsini dayandırmağa inandırsın. Pekin bu məsələdə fəal olmasa da, Avropa ölkələri səylərini davam etdirirlər. Almaniya kansleri Olaf Şolz bir müddət əvvəl Pekinə səfəri zamanı Çin lideri prezidenti Si Cinpindən Ukrayna münaqişəsinə son qoymaq üçün onun Kremlə təsir göstərməyi xahiş edib. Almaniya kansleri Çinin sözünün Rusiyada böyük əhəmiyyət kəsb etdiyi fikrini xatırladıb. Olaf Şolts 2024-cü ildə Çinə səfər edən ilk Qərb lideri olub.
Şolts Pekindəki görüşlərdə Çinin Ukrayna ilə bağlı yay aylarında İsveçrədə keçiriləcək sülh konfransında iştirakın vacibliyini bildirib. Pekin bu konfransda iştirak etmək istəmir. Pekinin mövqeyi belədir ki, sülh konfransında müxtəlif ölkələrlə yanaşı Rusiya da iştirak etməlidir. Ancaq indiki şərtlər altında bu mümkün deyil. 
Almaniya kanslerinin Çinə səfərindən nəticəsiz qayıtması bir sıra Qərb mətbuatında tənqid olunub. Hesab edilib ki, Şoltsun Çinə səfəri Avropanın Pekinlə bağlı ümumi siyasətinə uyğun deyil. Halbuki, Çinə başqa Avropa liderləri də səfərlər edib və Pekinlə müzakirələr aparıblar.  Digər tərəfdən Almaniyanın böyük şirkətləri Çinlə əməkdaşlıqdan imtina etmək istəmirlər. Brüsselin mövqeyi fərqlidir. Brüssel hesab edir ki, Çin şirkətləri dövlətdən aldıqları dəstək sayəsində Avropadakı məhsullarını ucuz qiymətə sata bilirlər. Bu isə bərabər rəqabət imkanlarını mənfi təsir edir. 
“Reuters” agentliyinin məlumatına görə, Pekin Berlinlə əməkdaşlığı inkişaf etdirmək istəyir. Çin lideri iki ölkənin ticarət mübadiləsinin tərəflərin maraqlarına cavab verdiyi qənaətindədir. Almaniya ilə Çin arasında əlaqələr Vaşinqtonda diqqətlə izlənilir. Almaniyanın özündə Çinin yerinə ABŞ-la ticarət əlaqələrinə əhəmiyyət verilməsini dəstəkləyənlər var.  Bu səbəbdən kansler Olaf Şolts Çinlə əməkdaşlıq mövzusunda Almaniya daxilindəki siyasi qüvvələr arasında balansı qorumağa çalışmalıdır. 
“The New York Times” nəşrində yayımlanan məqalədə Almaniya istisadiyyatının tədricən Çindən asılılığının artdığı vurğulanıb və Pekin bundan öz məqsədləri üçün istifadə etməyə çalışır. Çin məhsulları Almaniya bazarında satılarkən, Almaniya məhsullarının Çin bazarında çətinlikləri var. Çünki dövlətin dəstəyi hesabına Çin məhsulları ucuzdur və belə bir rəqabət şəraitində Almaniya məhsullarının Çində satış imkanları məhduddur. 
 
“Atlas” Araşdırmalar Mərkəzi

KARUSEL / DÜNYA
Tarix: 24-04-2024, 11:47