mobil versiya

Dubayda dünyanın ən böyük aeroportu tikiləcək



Dubay Əmirliyi layihə dəyəri 35 milyard dollar olan yeni aeroportun tikintisinə başlayıb. İnşası bitdikdən sonra bu terminal dünyada ən yüksək ötürmə qabiliyyətinə malik hava limanı olacaq.
Layihə Dubay Beynəlxalq Hava Limanından 45 kilometr cənubda yerləşən “Əl Maktum” aeroportunun on il ərzində genişləndirilməsini nəzərdə tutur. 2010-cu ildə istifadəyə verilən “Əl Maktum” hava limanı əmirlikdə hakimiyyətdə olan Əl Maktum ailəsinin şərəfinə adlandırılıb.
Dubay Beynəlxalq Aeroportu şəhərin mərkəzində yerləşdiyi üçün onun genişlənməsi mümkün deyil. Birləşmiş Ərəb Əmirliklərinin Baş naziri və vitse-prezidenti, Dubay əmiri Şeyx Məhəmməd bin Rəşid Əl Maktumun sözlərinə görə, yeni terminal Dubay Beynəlxalq Hava Limanından beş dəfə böyük olacaq və ildə 260 milyon sərnişinə xidmət göstərə biləcək.
Yeni aeroportun 400 çıxışı və 5 paralel uçuş-eniş zolağı olacaq. Layihədə aviasiya sənayesində ilk dəfə istifadə olunacaq texnologiyaların tətbiqi nəzərdə tutulur.
Qeyd edək ki, Dubay Beynəlxalq Aeroportu hazırda 102 beynəlxalq aviaşirkət vasitəsilə 104 ölkə və 262 istiqamət üzrə uçuşlar həyata keçirir(azərtac).

KARUSEL / DÜNYA
Tarix: 30-04-2024, 12:45