mobil versiya

Hindistan yolunu dəyişmir - Narendra Modi üçüncü müddət ölkəyə başçılıq edəcək



Hindistan yolunu dəyişmir.
Hindistanda parlament seçkilərinin nəticələri bəlli olub. Ümumilikdə Hindistanda keçirilən seçkidə 642 milyon seçici səs verib ki, bu dünya rekordudur. Misal üçün bu nəticə Avropa İttifaqına üzv olan 27 ölkəsində səs verənlərin tamamından 2.5 dəfə çoxdur. Hindistan Seçki Komissiyasının rəhbəri Raciv Kumarın sözlərinə görə, səs verən 642 milyon nəfərin 312 milyonu qadın olub. Başqa bir rekord da vurulub. Seçki komissiyalarının və təhlükəislzik xidmətlərinin təşkilinə 15 milyon işçi cəlb edilib. Hindistanda seçki yeddi mərhələdə keçirilib. Hindistanda seçki hüququna malik vətəndaşların sayı təxminən 967 milyon nəfərdir. Bu ABŞ, Avropa İttifaqı və Rusiya əhalisinin toplamından da çoxdur. Hindistanda səs vermək üçün 1 milyon seçki məntəqəsi fəaliyyət göstərib.  
Baş nazir Narendra Modinin rəhbərlik etdiyi Hindistan Xalq Partiyasının (BJP) parlament seçkilərində qələbəsi əvvəlcədən proqnozlaşdırılırdı. İlkin məlumatlara görə, Modinin partiyası 543 yerlik parlamentdə 350 ilə 370 arasında yeri qazanıb. Hökuməti təkbaşına formalaşdırmaq üçün bu kifayətdir. “Twitter” hesabında “Hindistan yenə qalib gəldi” yazan Modi yenə rəqiblərini üstələməyə müvəffəq olub. Hindistan Milli Konqresin simasında müxalifət bloku parlamentdə cəmi 125 ilə 154 millət vəkili yeri qazana bilib. Bu Modinin Hindistanda reytinqinin yüksək olduğunu göstərir. Son parlament seçkisini Modi ilə bağlı bir referendum sayanlar da az deyil.
Beləliklə, Narendra Modi üçüncü müddət ölkəyə başçılıq edəcək. Bu Hindistanın ilk baş naziri Cəvahirləl Nehrunun rekordunun təkrarıdır. “The New York Times” nəşri Modinin seçki kampaniyası dövründə 200 mitinqdə iştirak etdiyini və 80-ə yaxın müsahibə verdiyini yazıb. Bu qələbə Narendra Modinin xarici və təhlükəsizlik siyasətində onun əlini gücləndirəcək. Modi növbəti 5 ildə də Hindistanın iqtisadi gücünü artırmağa çalışacaq. Hindistanın yaxın illərdə dünyanın üçüncü ən böyük iqtisadi ölkəsi olacağı ehtimal edilir. Buna baxmayaraq, Modi hakimiyyətdə olduğu 10 ildə kifayət qədər iş yerləri aça bilməyib. Aprel ayında mart ayı ilə müqayisədə işsizlik artıb. 
Narendra Modinin xarici siyasətində ciddi dəyişiklik gözlənilmir. O Rusiya ilə ABŞ arasında balansı qorumağa çalışsa da, iqtisadi əməkdaşlıqda Qərb ölkələrinə üstünlük verir. Bu siyasət gələcək illərdə də davam edəcək.

“Atlas” Araşdırmalar Mərkəzi


KARUSEL / DÜNYA
Tarix: 4-06-2024, 12:58