"Qələbə əldə edənə qədər mübarizəmiz davam edəcək" - Əliməmməd Nuriyevdən seçki ilə bağlı açıqlama
"1 sentyabr 2024-cü il tarixdə VII çağırış Milli Məclisə keçiriləcək seçkilərdə namizədliyimi 75 saylı Yardımlı-Masallı seçki dairəsindən irəli sürmüşəm".
Bunu “Konstitusiya” Araşdırmaları Fondunun rəhbəri, sabiq deputat Əliməmməd Nuriyev "AzPolitika"-ya açıqlamasında deyib.
Ə. Nuriyev seçki hazırlıqlarına başladıqlarını, işlərin sürətlə getdiyini bildirib: "Seçkilərə ciddi şəkildə hazırlaşırıq. Artıq seçki komandası formalaşıb, bölgəmizin nüfuzlu şəxsləri, ağsaqqalları, ziyalıları, icma, rəy liderləri ilə mütəmadi müzakirə aparıram. Bölgəmizi dahi Məmməd Araz təbirincə desək: qarış-qarış, addım-addım, adam-adam, kənd-kənd tanıyıram. Çətinlikləri, qaldırılmalı olan məsələləri bilirəm, bunlarla əlaqədar geniş məsələhətləşmə aparıram. Seçki kampaniyası həm də problemlərin palaz alıtından gün işığına çıxarılması imkanı yaradır. Son seçici siyahılarına görə, dairə üzrə 49 min 898 seçici qeydə alınmışdı. Seçki dairələr üzrə 89 məntəqədə keçiriləcək. Çalışacam ki, bütün kəndlərdə, icmalarda görüşlər, müzakirələr keçirilsin".
Ə. Nuriyev namizədliyini geri götürməyi ilə bağlı yayılan xəbərləri "şaiyə" adlandırıb: "Bu tamamilə yalandır. Sona qədər, qələbə əldə edənə qədər mübarizəmiz davam edəcək. Əminəm ki, seçki kampaniyası, xüsusən təşviqat mərhələsi qanunvericilik çərçivəsində, əxlaqi dəyərlərə uyğun olaraq keçiriləcək".
KARUSEL / SİYASƏT
Tarix: 19-07-2024, 19:27