mobil versiya

BP və tərəfdaşları Azərbaycanda sosial layihələrə 111 milyon dollardan çox pul xərcləyib




Azərbaycanda fəaliyyətə başladığı vaxtdan indiyədək BP özü və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından ölkədəki sosial sərmayə layihələrinə ümumilikdə təqribən 111 milyon ABŞ dollarından çox vəsait xərcləyib.
Bu barədə BP tərəfindən Azərbaycanda yüksək ixtisaslı yerli kadrların yetişdirilməsinə dəstək məqsədli sosial sərmayə layihəsinin ikinci mərhələsinin tamamlanması ilə bağlı keçirilən tədbir zamanı bildirilib.
Qeyd olunub ki, bu təhsil layihəsi BP-nin dünya səviyyəli yerli təcrübə və bacarıqlar formalaşdırmaqla ölkənin davamlı gələcəyinə töhfə vermək öhdəliyinin bir hissəsidir.
Birinci mərhələdə BP-nin dəstəklidiyi 15 iştirakçıdan 14-nün nüfuzlu beynəlxalq universitetlərə qəbul olması uğuruna əsaslanaraq, layihə daha da genişləndirilib və ikinci mərhələdə 22 istedadlı azərbaycanlı gənci əhatə edib.
Layihə iştirakçıları aztəminatlı ailələrdən seçiliblər. Layihə çərçivəsində onlara qrup və fərdi şəkildə SAT və IELTS testlərinə və qəbul imtahanlarına hazırlıq təlimləri, həmçinin beynəlxalq tələbələrə tam təqaüd təklif edən universitetlərə müraciət etmək üçün təlimatlandırma daxil olmaqla hərtərəfli dəstək göstərilib.
Hazırkı mərhələdə bütün nəticələr tam məlum olmasa da, BP-nin dəstəklədiyi 22 iştirakçıdan 21-i artıq Koç Universiteti, London İmperial Kolleci, Edinburq Universiteti, Corc Vaşinqton Universiteti, Delft Texnologiya Universiteti, Honqkonq Universiteti, Koreyanın Qabaqcıl Elm və Texnologiya İnstitutu kimi Qərbin və Asiyanın yüksək reytinqli universitetlərinə və digər nüfuzlu ali təhsil müəssisələrinə qəbul olub. İştirakçıların ən çox üstünlük verdikləri ixtisaslara kompüter elmləri və mühəndislik, data elmləri və analitika, bioinformatika və molekulyar biologiya, dayanıqlı enerji sistemləri və ətraf mühit elmləri daxildir.
İndiyədək ali təhsil müəssisələrinə qəbul olmuş 21 iştirakçıdan yeddisi bakalavr, 14-ü isə magistr pilləsi üzrə müraciət edib.
Layihənin ikinci mərhələsinin uğurunu və gənc istedadların nailiyyətlərini qeyd etmək münasibətilə bu gün keçirilən tədbirdə layihə iştirakçılarına sertifikatlar verilib.
Qeyd edək ki, bu vaxtadək bp öz tərəfdaşları ilə birlikdə Azərbaycanda icraçısı olduğu layihələrə təxminən 85 milyard dollar sərmayə qoyub(apa).

KARUSEL / İQTİSADİYYAT
Tarix: 12-08-2024, 17:51