İsrail qüvvələri İordan çayının qərb sahilində Əl-Cəzirə televiziyasına basqın edib, 45 gün müddətinə bağlanmasını əmr edib
Qlobal xəbər kanalı Əl-Cəzirə, silahlı və maskalı İsrail qüvvələrinin bazar günü işğal altındakı İordan çayının qərb sahilindəki Ramallahdakı ofisinə basqın etdiyini və 45 günlük bağlanma əmri verdiyini bildirib.
Bu, ərəb televiziya şirkəti ilə Qəzza müharibəsi zamanı kəskinləşən Baş nazir Benyamin Netanyahunun Hökuməti arasında davam edən düşmənçilikdə son addım idi.
Xarici media xəbər verir ki, İsrail ordusu Qətərdə yerləşən şəbəkənin jurnalistlərini dəfələrlə Həmas və ya onun müttəfiqi İslami Cihadla əlaqədə ittiham edib. Əl-Cəzirə İsrailin ittihamlarını şiddətlə rədd edib və bildirib ki, İsrail Qəzza zolağındakı işçilərini sistematik şəkildə hədəf alır.
Qəzzada müharibə başlayandan bəri Əl-Cəzirə telekanalının 4 jurnalisti öldürülüb və şəbəkənin Qəzzadakı ofisi bombalanıb. Yayımçı, əsgərlərin bazar günü bağlanma əmri üçün səbəb göstərmədiklərini söyləyib.
"Əl-Cəzirəni 45 gün müddətinə bağlamaq üçün məhkəmə qərarı var, sizdən xahiş edirəm ki, bütün kameraları götürün və bu dəqiqə ofisi tərk edin”, - deyə İsrail əsgəri bildirib.
Əl-Cəzirənin Qərb Sahil bürosunun rəhbəri Valid Əl Omari əmrdə şəbəkəni “terrora təhrik və dəstək verməkdə” ittiham etdiyini bildirib.
"Jurnalistləri bu şəkildə hədəfə almaq həmişə həqiqəti silmək və insanların həqiqəti eşitməsinə mane olmaq məqsədi daşıyır" deyib Omari.
Ramallahda yerləşən Fələstin Xarici İşlər Nazirliyi bazar günü keçirilən əməliyyatı mətbuat azadlığının “kobud şəkildə pozulması” kimi pisləyib.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: 23-09-2024, 10:19