Naxçıvanda 2030-cu ilədək gücü 1000 meqavatdan çox olan GES-lər inşa ediləcək
Naxçıvanda 2030-cu ilədək 1200 meqavat gücündə günəş elektrik stansiyalarının reallaşdırılması üzrə “Baltech”, “Nobel Energy”, “A-Z Czech Engineering” və “TotalEnergies” şirkətləri ilə əməkdaşlıq edilir.
Bu barədə energetika naziri Pərviz Şahbazovun “Azərbaycan” qəzetində dərc olunan “Azərbaycan energetikasında yaşıl era” məqaləsində qeyd olunub.
“Əlverişli günəş radiasiyasına və 5000 meqavat həcmində bərpaolunan enerji potensialına malik Naxçıvan da yaşıl enerji zonası təcrübəsinin bölgədə tətbiqi siyasətinə uyğun inkişaf etdirilir. Naxçıvanda yaşıl enerji zonası Konsepsiyasının, elektrik enerjisinin Türkiyəyə ixrac layihəsinin texniki-iqtisadi əsaslandırmasının hazırlanmasına başlanılıb. Naxçıvandan 1000 meqavatdan çox enerjinin Türkiyə və Avropaya ixracı strateji hədəfinə uyğun olaraq “Türkiyə - Azərbaycan Qarşılıqlı Əlaqə” layihəsinin “Azərbaycan - Türkiyə - Avropa Yaşıl Enerji Dəhlizi”nədək inkişafı əsas prioritetlərimizdən biridir”, - deyə o bildirib.
Nazir vurğulayıb ki, şəbəkənin gücləndirilməsi tədbirləri vasitəsilə 2030-cu ilə əlavə stansiyalar hesabına enerji sistemində bərpaolunan enerji güclərini 2 250 meqavata və yaşıl enerjinin payını 34,7 faizə çatdırmaq mümkün ola bilər.(azərtac)
KARUSEL / İQTİSADİYYAT
Tarix: 18-10-2024, 12:16