Azərbaycanda 100 MVt gücündə günəş elektrik stansiyası üzrə ilk hərracın nəticələri açıqlanacaq
Azərbaycan ECO üzv dövlətləri ilə "yaşıl" enerji və azkarbonlu iqtisadiyyat sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir.
Reportyor.az xəbər verir ki,, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov ECO-UNIDO Təmiz Enerji Mərkəzinin açılış mərasimində çıxışı zamanı bildirib.
“Hazırda Azərbaycan təşkilatın üç üzv dövləti — Türkiyə, Qazaxıstan və Özbəkistan ilə birgə regionda "yaşıl" enerji dəhlizlərinin yaradılması üzərində fəal işləyir. "Azərbaycan–Türkiyə–Avropa" və "Mərkəzi Asiya–Azərbaycan" yaşıl enerji dəhlizləri, regional enerji bazarının inkişafına töhfə verərək, ECO regionunun enerji təhlükəsizliyinin gücləndirilməsi və iqlim dəyişiklikləri ilə mübarizədə rolunu artıran əsas təşəbbüslərdir.
Bu dəhlizlər ECO üzv dövlətləri arasında enerji əməkdaşlığını gücləndirir, regional enerji şəbəkələrini birləşdirir və karbon emissiyalarının sıfıra endirilməsi hədəflərinə çatmaq üçün vahid strateji platforma yaradır. Azərbaycan yaşıl enerji və azkarbonlu iqtisadiyyat sahəsində təşkilatın digər üzv dövlətləri ilə əməkdaşlığı genişləndirmək niyyətindədir”.
ECO-UNIDO Təmiz Enerji Mərkəzi digər regional və beynəlxalq elmi-tədqiqat institutları və təşkilatlarla tərəfdaşlıq quracaq.
Nazir daha sonra deyibki, Azərbaycanda 21 noyabrda 100 MVt gücündə günəş elektrik stansiyası üzrə ilk hərracın nəticələri açıqlanacaq.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.
KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 18:04