BƏƏ səfiri: "Bu ilin 10 ayı ərzində ikitərəfli ticarətin həcmi 80 milyon dolları ötüb"

Reportyor.az xəbər verir ki, ölkəsinin yaranma tarixindən söz açan BƏƏ-nin ölkəmizdəki səfiri Mohammed Al Bluşi deyib ki, Əmirliklər beynəlxalq əməkdaşlıq müstəvisində hər zaman hamıya fayda verən strateji tərəfdaşlıqlar qurmağa çalışır. Ona görə də bu gün bir daha qardaş və dost ölkələrlə ikitərəfli münasibətləri gücləndirmək, sülh, sabitlik və davamlı inkişafa nail olmaq üçün beynəlxalq səyləri dəstəkləmək öhdəliyini təzələyirlər.


Diplomat, bu tarixi gündə BƏƏ ilə Azərbaycan arasında əməkdaşlıq və qarşılıqlı hörmət əsasında qurulmuş yüksəksəviyyəli ikitərəfli münasibətləri təqdir edib: "Hər iki dövlət liderlərinin qarşılıqlı səfərləri, davamlı artan ticari, iqtisadi və mədəni mübadilənin səviyyəsi, həmçinin BƏƏ və Azərbaycandan turist və ziyarətçilərin sayının artması, ikitərəfli əlaqələrin müxtəlif sahələrdə güclənməsinə dəlalət edir.
Səfir bildirib ki, bu ilin 7 ayı ərzində BƏƏ-dən Azərbaycana gələnlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,5 faiz artıb. 2023-cü ildə iki ölkə arasında qeyri-neft idxal, ixrac və təkrar ixrac da daxil olmaqla ikitərəfli ticarətin ümumi həcmi 1 milyard 641 milyon dolları, bu ilin 10 ayı ərzində isə ikitərəfli ticarətin həcmi 80 milyon dolları ötüb".

Azərbaycan hökuməti adından çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, dini və mədəni köklərlə bir-birinə bağlı olan ölkələrimiz arasında münasibətlər dövlət başçılarımızın siyasi iradəsi və səmimi dostluğu sayəsində yüksələn xətt üzrə inkişaf edir, tərəfdaşlığımızın əhatə dairəsi genişlənir.

"İki ölkə arasında "Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi" üzrə fəal danışıqlar aparılır. Bu sənədin imzalanması iqtisadi və ticarət əlaqələrimizin inkişafına əhəmiyyətli töhfə verəcək, xüsusilə ticarətin liberallaşdırılması, sərmayə axınlarının intensivləşməsi, həmçinin mal və xidmətlər üçün bazara çıxış imkanlarının artırılması yolu ilə əməkdaşlığı daha da dərinləşdirəcək", - deyə M.Cabbarov vurğulayıb.




KARUSEL / SİYASƏT
Tarix: 2-12-2024, 19:34