mobil versiya

Təyyarə qəzasının səbəblərinin araşdırılması üçün yaradılmış Dövlət Komissiyasının növbəti iclası keçirilib



Dekabrın 27-də təyyarə qəzasının səbəblərinin araşdırılması üçün yaradılmış Dövlət Komissiyasının növbəti iclası keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, komissiyanın sədri Əli Əsədov bildirdi ki, komissiya qəzanın nəticələrinin aradan qaldırılması ilə bağlı indiyədək görülmüş işləri və qarşıda duran vəzifələri nəzərdən keçirəcək.
Qəza nəticəsində xəsarət alanlara və yaralananlara zəruri yardımın göstərilməsi ilə bağlı həyata keçirilən tədbirlər və görüləcək işlər barədə məlumat verildi.
Komissiya üzvlərinin səlahiyyətləri üzrə məruzələri dinlənildi.
Komissiya üzvləri yaralıların, həmçinin həlak olanların nəşlərinin Azərbaycana gətirilməsi, həlak olanların dəfni, hazırda vəziyyəti ağır olan vətəndaşların Aktauda davam edən müalicəsinin gedişi ilə bağlı məlumat verdilər.
Qəza nəticəsində həlak olmuş 26 Azərbaycan vətəndaşından dördünün cəsədinin ölkəyə gətirilməsi və dəfn olunması ilə bağlı zəruri tədbirlərin görüldüyü bildirildi. Həlak olmuş digər 22 şəxsin cəsədlərinin məhkəmə-tibbi ekspertiza və digər zəruri tədbirlər bitdikdən sonra tezliklə ölkəmizə gətirilməsi ilə bağlı məsələlər müzakirə olundu.
Komissiya üzvlərinə təyyarə qəzasında xəsarət alanlara və həlak olan şəxslərin ailələrinə zəruri maddi yardım, mənəvi-psixoloji dəstək göstərilməsi ilə bağlı məsələlərin qısa zamanda və çevik həll edilməsi tapşırıldı.
Bildirildi ki, hadisənin başvermə səbəblərinin araşdırılması ilə bağlı Qazaxıstan tərəfindən yaradılmış xüsusi komissiya çərçivəsində istintaq tədbirləri davam edir. Diqqətə çatdırıldı ki, Azərbaycanın qəti mövqeyi ondan ibarətdir ki, qəzanın başvermə səbəbləri şəffaf, obyektiv və hərtərəfli araşdırılmalı, ictimaiyyət istintaqın nəticələri barədə əlumatlandırılmalıdır.
KARUSEL / SİYASƏT
Tarix: Dünən, 20:09