Əli Əsədov: Qara dəniz sualtı elektrik enerjisi kabeli layihəsi Avropanın enerji təhlükəsizliyi üçün mühüm amildir
Azərbaycan və Gürcüstanın birgə həyata keçirdiyi meqalayihələr uğurlu regional əməkdaşlığın nümunəsidir, sözügedən layihələr Cənubi Qafqazın transformasiyasına xidmət edir.
Bunu Azərbaycanın Baş Naziri Əli Əsədov Gürcüstan Azərbaycan İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 10-cu sessiyasında çıxışı zamanı deyib.
Əli əsədov birgə iqtisadi layihələrlə rayonun enerji və nəqliyyat xəritəsinin dəyişdiyini vurğulayıb.
“Burada Cənub Qaz Dəhlizini xüsusi qeyd etmək lazımdır. Ölkələrimiz bu strateji layihənin həyata keçirilməsində mühüm rol oynayır. SOCAR Gürcüstan bazarına qaz tədarükünü davam etdirir. Neft sahəsində də əməkdaşlığımız uğurla davam edir. Ötən il Bakı-Tbilisi-Ceyhan neft boru kəməri ilə 30 milyon tona qədər neft nəql edilib. Kulevi terminalı ilə neft emalı zavodu arasında əməkdaşlıq məsələsi hazırda aktualdır. Bununla bağlı artıq saziş imzalanıb və yaxın vaxtlarda Kulevi terminalından xam neft və neft məhsullarının daşınmasına başlanacaq. Eyni zamanda, bu gün biz birlikdə Avropaya yaşıl enerji körpüsü qururuq. Qara dəniz sualtı elektrik enerjisi kabeli layihəsi Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanda həyata keçirilir. Bu layihə Avropanın enerji təhlükəsizliyi üçün mühüm amildir”, - deyə Əli Əsədov bildirib.(apa)
KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 13:06