"AZAL təyyarəsinin ekipajının danışıqlarından “sızmış” məlumatlar “qara qutular”dakılarla uyğun gəlmir" - Kanat Bozumbayev
Aktau yaxınlığında qəzaya uğramış təyyarənin ekipaj üzvləri arasındakı danışıqların “sızdırılmış” məlumatları “qara qutunun” məlumatları ilə üst-üstə düşmür.
Bunu Qazaxıstanın baş nazir müavini, təyyarə qəzasının səbəblərinin araşdırılması üzrə hökumət komissiyasının rəhbəri Kanat Bozumbayev keçirdiyi brifinqdə bildirib.
O qeyd edib ki, Qazaxıstan tərəfi “sızmanın” mənbəsini axtarmaq niyyətində deyil.
“Biz həmin məlumatları “qara qutuların” deşifrə olunmuş məlumatlarının “sızması” kimi nəzərdən keçirmirik. Əgər bu internetdə dərc olunubsa, bu onun həqiqət olduğuna dəlalət etmir. "Qara qutu"dakı məlumatlarla müqayisədə böyük fərqlər var.”
Bozumbayev “sızan məlumatların” olduğu səsyazılarını şəxsən dinlədiyini və həmin yazılarda ekipaj üzvləri arasında danışıqların olmadığını diqqətə çatdırıb.
Xatırladaq ki, 2024-cü il dekabrın 25-də AZAL-a məxsus olan Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində olan 67 nəfərdən 38-i həyatını itirib, 29 nəfər isə sağ qalıb.
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 13:31