Azərbaycan və Qətər arasında siyasi və iqtisadi məsələlər müzakirə olunub

Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Qətər Dövlətində səfərdə olub.
Reportyor.az xəbər verir ki, səfər çərçivəsində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Qətər Dövlətinin Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələrin 5-ci iclası keçirilib. Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, Qətər tərəfindən isə xarici işlər üzrə dövlət naziri Sultan bin Saad Al Mureyxi rəhbərlik edib.
Məsləhətləşmələr zamanı ikitətəfli siyasi və iqtisadi məsələlər, BMT, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib. Həmçinin ümumi maraq doğuran bir sıra regional ve qlobal məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Ticarət, sərmayə, kənd təsərrüfatı, turizm, təhsil və digər sahələrdə əməkdaşlıq istiqamətləri müzakirə edilib.

Nazir müavini Yalçın Rəfiyev səfər çərçivəsində həmçinin Qətər Dövlətinin Xarici Ticarət Məsələləri üzrə Dövlət naziri Ahmed bin Mohammed Al Sayed ilə görüşüb. Görüşdə Azərbaycan və Qətər arasında Hökumətlərarası Birgə Komissiyanın növbəti iclasının ən qısa müddətdə keçirilməsi, eləcə də qarşılıqlı ticarət missiyalarının və biznes forumların təşkil edilməsinin zəruriliyi qeyd edilib.
Yalçın Rəfiyev Dohaya səfəri müddətində həmçinin Münaqişə və Humanitar Tədqiqatlar Mərkəzində (Center for Conflict and Humanitarian Studies - CHS) olub, Mərkəzin direktoru Ghassan Elkahlout və ekspertləri ilə görüşüb. Görüş zamanı Azərbaycanın xarici siyasəti, Cənubi Qafqaz və Yaxın Şərq regionlarında cərəyan edən hadisələr ilə bağlı fikir mübadiləsi aparılıb.


KARUSEL / SİYASƏT
Tarix: 27-01-2025, 13:23