Suriya Moskvadan Bəşər Əsədin ekstradisiyası istəyib
Suriyada Bəşər Əsədin devrilməsindən sonra Rusiya ilə yeni administrasiya arasında ilk danışıqlarda Dəməşq rəhbərliyi müharibənin yaratdığı dağıntılara görə Moskvadan təzminat, yenidənqurma və reabilitasiya dəstəyi tələb edib.
Suriyanın “SANA” xəbər agentliyinin məlumatına görə, yeni administrasiya Əsəd və onun yaxın ətrafının ekstradisiyasını da gündəmə gətirib. Lakin Kreml bu tələblərə birbaşa cavab verməkdən yayınıb.
Digər tərəfdən, Rusiyanın Tartusdakı dəniz bazasını və Latakiyadakı Hmeymim hava bazasını saxlamaq üçün sıx səylər göstərdiyi bildirilib. Rusiya rəsmiləri danışıqları “səmimi” adlandırsalar da, kritik məsələlərdə aydın konsensus əldə olunmayıb. Moskva Suriyadakı mövcudluğunu saxlamaq istəsə də, Dəməşqin təzminat tələbi təzyiqi və Əsədin ekstradisiyasını tələb etməsi danışıqları çətinləşdirir.
Xatırladaq ki, Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov Dəməşqdəki danışıqların konstruktiv və müsbət keçdiyini bəyan edərək, administrasiya dəyişikliyinin Moskva-Dəməşq münasibətlərinin xarakterini dəyişməyəcəyini vurğulayıb.
Rusiya nümayəndə heyəti Suriyanın yeni lideri Əhməd Şara ilə görüşüb, iqtisadi, hərbi və ticarət məsələləri müzakirə edib. Boqdanov Rusiyanın Tartus və Hmeymimdəki hərbi bazalarının statusunda heç bir dəyişiklik olmadığını və əməkdaşlığın davam etdiyini bildirib.(“AzPolitika.info”)
KARUSEL / DÜNYA
Tarix: Dünən, 17:33