“İlğım” əmtəə nişanlı saxta “Himalay duzu” satışdan geri çağırılıb
Saxta “Himalay duzu"nun satışı ilə bağlı daxil olan müraciət əsasında Agentliyin əməkdaşları tərəfindən aparılmış araşdırma zamanı fakt təsdiqini tapıb.
Reportyor.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) məlumat yayıb.
Belə ki, fiziki şəxs Mənsimov Məmməd Adil oğlunun İrandan idxal etdiyi “Behnam Kar Azar Bilasavar Co” şirkətinin istehsalı olan “Morvarid” əmtəə nişanlı çəhrayı duzun Sabirabad şəhəri, Vidadi küçəsi 8A ünvanında yerləşən qablaşdırılma müəssisəsində “İlğım” əmtəə nişanı ilə “Himalay duzu” adı altında qablaşdırılaraq satışa çıxarıldığı aşkarlanıb. Həmçinin məhsulun etiketində tərkibinə yodun qatılması ilə bağlı hər hansı məlumatın qeyd edilmədiyi müəyyən olunub.
Faktla bağlı fiziki şəxs barəsində inzibati tədbir görülüb, məhsulların satışdan geri çağırılmasına dair qərar qəbul edilib. Ticarət şəbəkələrinin rəhbərlərinə bu məhsulların təchizatçı müəssisəyə geri qaytarılması barədə xəbərdarlıq məktubu ünvanlanıb.
Araşdırmalar davam etdirilir.
KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 15:29