Göyçay Yenidən Doğulur: Abadlıq, İnkişaf və İşıqlar Şəhəri
![](/uploads/posts/2025-02/1739172138_1739172092467.png)
Bakıdan 216 km məsafədə yerləşən, həmişə Şirvanın incisindən biri hesab olunan Göyçaya səfərimiz zamanı gördüklərimiz bizi təəccübləndirdi. Son illərdə rayonda aparılan abadlıq və quruculuq işləri göz oxşayır. Əvvəllər bərbad vəziyyətdə olan yollar artıq tamamilə yenilənib. Asfalt örtükləri dəyişdirilib, müasir işıq dirəkləri quraşdırılıb, piyada səkiləri yenidən salınıb. Yol kənarlarına yeni bəzək ağacları və gül kolları əkilib, nəhəng çinar ağacları isə gecələr xüsusi işıqlandırma sistemi ilə bəzədilib.
Reportyor.az xəbər verir ki, əvvəllər rayon rəhbərləri əsasən şəhərin mərkəzi hissələrini abadlaşdırır, görüntü yaratmağa çalışırdılar. Lakin bu dəfə mənzərə tamamilə fərqlidir. İşlər o qədər sürətli aparılır ki, artıq ucqar küçələr və dalanlarda da asfalt çəkilib, səkilər abadlaşdırılıb, yeni işıq xətləri çəkilib. Şəhərin və ətraf ərazilərin təxminən 80 faizində abadlıq işləri başa çatıb, qalan yerlərdə isə təmir-bərpa prosesi sürətlə davam edir.
Şəhərin M.Ə.Rəsulzadə, N.Nərimanov, Füzuli, H.Hacıyev, Z.Tağıyev, Bakı küçələri və Heydər Əliyev prospekti tamamilə yenilənib. Bəlkə də 50 ildən çoxdur fəaliyyət göstərən və indiyə qədər asfalt üzünə həsrət qalan bazar ətrafındakı küçələr də nəhayət ki, asfaltlaşdırılıb və müasir görkəm alıb. Bu yenilik xüsusilə sahibkarların və yerli əhalinin işini asanlaşdırıb. Yağışlı havalarda yollarda yaranan palçıq və su gölməçələri artıq keçmişdə qalıb.
Göyçayın digər rayonlardan fərqlənən özəlliklərindən biri şəhər daxilində ağacların və yaşıllıqların sulanması üçün xüsusi bərələrin olmasıdır. Lakin bir neçə il öncə bu bərələr doldurulduğu üçün bir çox ağaclar qurumuşdu. İndi isə həmin bərələr yenidən bərpa edilib və əvvəlki görkəminə qaytarılıb.
![](/uploads/posts/2025-02/1739172224_1739172200049.png)
Abadlıq Kəndlərdə də Hiss Olunur
Təkcə şəhər deyil, Göyçayın kəndləri də inkişaf prosesindən kənarda qalmayıb. Uzun illər sovet dövründən bəri asfalt görməyən kənd yollarına yeni asfalt örtüyü çəkilib, su və qaz xətləri yenilənib.
Bütün bu işlərin arxasında isə cəmi iki il əvvəl vəzifəyə təyin olunan İcra Hakimiyyətinin başçısı Natiq Ağayev dayanır. Rayon sakinləri, xüsusilə yerli sahibkarlarla söhbətlərimiz zamanı hamı bir ağızdan başçının fəaliyyətindən razı qaldıqlarını bildirdilər. Onu Göyçaya verilmiş xüsusi bir hədiyyə kimi qiymətləndirən yerli əhali ölkə rəhbərliyinə təşəkkürlərini ifadə etdilər.
Sahibkarlar isə əvvəllər mövcud olan süni maneələrin tamamilə aradan qaldırıldığını vurğuladılar. Onların sözlərinə görə, artıq rayonda biznes qurmaq və inkişaf etdirmək üçün heç bir əngəl yoxdur.
![](/uploads/posts/2025-02/1739172152_1739172120389.png)
Şəffaf Seçkilər və Təxribatlar
Səfərimiz zamanı biz həm də bir neçə gün əvvəl keçirilən bələdiyyə seçkiləri ilə maraqlandıq. Yerli sakinlərin sözlərinə görə, seçkilər tam şəffaf və demokratik şəraitdə baş tutub. Lakin rayonda görülən bütün bu işlərə kölgə salmaq istəyən bəzi şəxslər də var.
Özlərini ictimai fəal və siyasi bloqer adlandıran bir neçə nəfər yarıtmaz fəaliyyətlərinə görə işdən uzaqlaşdırılan bəzi keçmiş məmurlardan maliyyə dəstəyi alaraq icra başçısı haqqında əsassız iddialar yaymağa çalışır. Lakin yerli sakinlər bu cür təxribatlara inanmadıqlarını və bu cür şəxslərin ictimaiyyət tərəfindən qınaq obyektinə çevrildiyini bildirirlər.
![](/uploads/posts/2025-02/1739172198_1739172176590.png)
Göyçay Gecələri və Rayonun Yeni Rəngi
Rayonda çəkdiyimiz fotolar abadlıq işlərinin həqiqətən də geniş miqyas aldığını və sürətlə davam etdiyini sübut edir. Hətta axşam saatlarında da şəhəri dolaşaraq, yeni işıqlandırma sisteminin rayona necə fərqli bir gözəllik qatdığının şahidi olduq.
Sonda onu da qeyd edək ki, Göyçay öz adına uyğun olaraq xüsusi bir ənənəni davam etdirir: rayonun küçə divarları və ev qapıları göy və ağ rənglərə boyanır. Bu isə şəhərə xüsusi bir estetik gözəllik və harmoniya bəxş edir.
Göyçay, sözün əsl mənasında, yeni bir inkişaf dövrünə qədəm qoyur və bu dəyişikliklərin təkcə şəhərlə məhdudlaşmadığı, kəndlərə qədər yayıldığı açıq-aşkar hiss olunur.
Kürşad Əli
Reportyor.az
![](/uploads/posts/2025-02/1739172457_1739172378923.png)
![](/uploads/posts/2025-02/1739172210_1739172156519.png)
![](/uploads/posts/2025-02/1739172410_1739172405301.png)
![](/uploads/posts/2025-02/1739172152_1739172137076.png)
![](/uploads/posts/2025-02/1739172276_1739172264164.png)
KARUSEL / ÖLKƏ
Tarix: Dünən, 11:27