mobil versiya

Ceyhun Bayramov Koreyanın Beynəlxalq Ədalət Məhkəməsinin hakimi vəzifəsinə namizədi ilə görüşüb



Xarici işlər naziri Ceyhun Bayramov Koreya Respublikasının Beynəlxalq Ədalət Məhkəməsinin (BƏM) hakimi vəzifəsinə namizədi Cin-Hyon Paiki görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin məlumatına görə, görüş zamanı beynəlxalq təşkilatlar çərçivəsində fəaliyyətlər, o cümlədən qarşıdan gələn Beynəlxalq Ədalət Məhkəməsinin hakimi seçkiləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Cin-Hyon Paik öz peşəkar fəaliyyəti, beynəlxalq hüquq sahəsində təcrübəsi və BƏM-də prioritet kimi irəli sürməyi planlaşdırdığı istiqamətlər barədə ətraflı məlumat verib.

Nazir Ceyhun Bayramov Azərbaycanın beynəlxalq hüququn aliliyinə, çoxtərəfli əməkdaşlığa və beynəlxalq məhkəmə institutlarının rolunun gücləndirilməsinə verdiyi önəmi vurğulayıb. Bu kontekstdə, Azərbaycan tərəfindən BƏM hakimi seçkilərinə hərtərəfli yanaşıldığı və namizədlərin peşəkar keyfiyyətlərinin diqqətlə nəzərdən keçirildiyi bildirilib. Regional təhlükəsizlik məsələləri, o cümlədən Cənubi Qafqaz bölgəsində mövcud vəziyyət barədə fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov postmünaqişə dövründə bölgədə davamlı sülh və sabitliyin təmin olunması istiqamətində Azərbaycanın həyata keçirdiyi tədbirlər barədə qarşı tərəfi məlumatlandırıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi edilib.


Reportyor.az 



KARUSEL / SİYASƏT
Tarix: Bu gün, 18:49