mobil versiya

Şəhər kimin üçündür...




Dünəng Bakıda keçirilən BMT - nin Ümümdünya Şəhərsalma Forumunun 13 - cü sessiyası (VUF 13)çərçivəsində “Şəhər Mühitində Qadın və Uşaqların Təhlükəsizliyi ilə bağlı İctimai Maarifləndirmənin Artırılması” mövzusunda beynəlxalq tədbirdə “Şəhər kimin üçündür?” adlı çıxış etdim.

Çıxışımda son illər məni düşündürən bir sualdan danışdım: Biz şəhərləri həqiqətən kim üçün qururuq?
Çünki şəhərə baxışım dəyişib. Əvvəllər diqqət daha çox yeni binalara, geniş yollara və böyük layihələrə gedirdi. İndi isə başqa detallara fikir verirəm: uşaq məktəbdən çıxıb yolu necə keçir? qadın axşam evə rahat qayıda bilirmi? yaşlı insan səkidə rahat hərəkət edə bilirmi? ana uşaq arabası ilə şəhərdə sərbəst gəzə bilirmi?


Mən çıxışımda vurğuladım ki, təhlükəsiz şəhər anlayışı artıq yalnız kriminal statistika ilə ölçülə bilməz. Bəzən insanın daxilində yaranan narahatlıq hissi istənilən rəqəmdən daha real olur.
Bakıda da bunu hiss etdiyimizi qeyd etdim. Elə küçələr var ki, qadın axşam oradan keçəndə addımlarını sürətləndirir. Elə məhəllələr var ki, valideyn uşağın tək getməsini Ş. Elə səkilər var ki, ana uşaq arabası ilə maşın yoluna çıxmaq məcburiyyətində qalır.
Qeyd etdim ki, bu artıq yalnız şəhərsalma problemi deyil — bu, insanın şəhərlə münasibəti problemidir.
Çıxışımda uşaqlar üçün şəhərin yalnız böyük ticarət mərkəzləri olmadığını da vurğuladım. Uşaq üçün şəhər: təhlükəsiz məktəb yolu, rahat keçid, qorxmadan qaça bildiyi həyət, ağac görə bildiyi məkan deməkdir.
Bir fikri xüsusilə bölüşdüm: “Bizim uşaqlar bəzən həyəti ağaclardan əvvəl maşınlarla tanıyırlar.”
Qadın üçün təhlükəsiz şəhərin isə o şəhər olduğunu qeyd etdim ki, qadın hərəkət marşrutunu daim “təhlükəsizlik hesabı” ilə qurmaq məcburiyyətində qalmasın: dayanacaq seçəndə tərəddüd etməsin, taksi gözləyəndə narahat olmasın, parkda oturanda özünü yad hiss etməsin.


Çıxışımda iştirakçılıq məsələsinə də toxundum. Şəhərin yalnız kabinetdə planlaşdırılmasının yetərli olmadığını qeyd etdim. Çünki şəhərdə problemi ilk görən bəzən memar yox, həmin küçədə yaşayan insan olur. Bəzən bir ana hansı küçənin təhlükəli olduğunu istənilən hesabatdan daha yaxşı bilir.
Sonda isə qeyd etdim ki, gələcəyin ən uğurlu şəhərləri yalnız “smart city” texnologiyaları ilə seçilən şəhərlər olmayacaq. Ən uğurlu şəhərlər insanın özünü yad hiss etmədiyi şəhərlər olacaq.

Təşəkkür edirəm təşkilatçılara və bütün iştirakçılara.


Əliməmməd Nuriyev 

Konstitusiya" 
Araşdırmalar Fondunun prezidenti

Reportyor.az 



KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 14:03