"Arzum 9999" ləqəbli tiktoker məhkəmə zalında həbs olunub

Bakının Xəzər rayonunda ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən "Arzum 9999" ləqəbli tiktoker İlduzə Hacıyevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bu gün Xəzər Rayon Məhkəməsində keçirilən prosesdə vəkil Hikmət Əliyev vəsatət verərək cinayət işinin ibtidai istintaqa qaytarılmasını xahiş edib. Vəsatət təmin edilməyib.
Vəkillər məhkəmədən İlduzə Hacıyevaya bəraət verməsini xahiş ediblər.
Onlar bildirib ki, İlduzə Hacıyeva qəzadan sonra hadisə yerindən qaçmayıb, xəsarət alan şəxsi xəstəxanaya çatdırıb.
Müdafiəçilər İlduzə Hacıyevanın 4 övladı olduğunu və onlardan birinin autizm xəstəliyindən əziyyət çəkdiyini bildirərək qərar verilərkən nəzərə alınmasını xahiş ediblər. Həmçinin 104 min manat dəyərində mülki iddianın da təmin edilməməsi xahiş edilib.
Zərərçəkən tərəf isə bildirib ki, onlar mülki iddanın şəhid və qazi ailələrinə ödənilməsini istəyiblər. Qeyd olunub ki, İlduzə Hacıyeva barışıq üçün addım atmayıb.
İlduzə Hacıyeva son sözündə özünü təqsirli bilmədiyini deyib, məhkəmədən ədalətli qərar verilməsini xahiş edib.
Prosesdə hökm oxunub. Hökmə əsasən, İlduzə Hacıyeva 2 il 6 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.
O, məhkəmə zalında həbs olunub.
Mülki iddia baxılmamış saxlanılıb.
Qeyd edək ki, dövlət ittihamçısı təqsirləndirilən şəxsin 5 il 9 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi.
Xatırladaq ki, hadisə ötən ilin iyun ayında paytaxtın Xəzər rayonunun Mərdəkan qəsəbəsində baş verib.
İlduzə Hacıyeva avtomobili ilə dönmə əməliyatı yerinə yetirərkən arxadan gələn maşının qarşısına çıxıb və həmin maşın idarəetməni itirərək qəza törədib. Qəza nəticəsində 1 nəfər ölüb, bir nəfər ağır xəsarət alıb.
İlduzə Hacıyeva barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib və ona Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması - ölümlə nəticələndikdə) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə yekun ittiham irəli sürülüb. (Apa)
Reportyor.az
KARUSEL / HADİSƏ
Tarix: Bu gün, 12:20


























