BMU-İNHA İDP-nin III məzun buraxılışı keçirilib

Bakı Mühəndislik Universiteti ilə Cənubi Koreyanın İNHA Universiteti arasında icra olunan ikili diplom proqramının (BMU-İNHA İDP) 2025–2026-cı tədris ili məzunları üçün təntənəli buraxılış mərasimi keçirilib.
Bu barədə universitetdən məlumat verilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi yad olunub, hər iki ölkənin dövlət himnləri səsləndirilib. Ardınca BMU-İNHA İDP-nin fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Açılış nitqi ilə çıxış edən BMU-nun rektoru Yaqub Piriyev “Məzun günü”nü yalnız gənclərin zəhməti və əzmkarlığının bəhrəsi deyil, eyni zamanda Azərbaycan ilə Koreya arasında təhsil sahəsində uğurla inkişaf edən strateji əməkdaşlığın və gələcəyə hesablanmış ortaq baxışın növbəti mühüm nailiyyəti kimi dəyərləndirib.
Yaqub Piriyev bildirib ki, 2020-ci ildən həyata keçirilən BMU-İNHA İDP-nin icra müddəti Prezident İlham Əliyevin ötən il imzaladığı Sərəncamla 2030-cu ilədək uzadılıb. İDP-nin yeni mərhələsində əmək bazarının müasir tələblərinə və qlobal inkişaf meyillərinə uyğun, yüksək perspektiv vəd edən ixtisaslar üzrə mütəxəssis hazırlığının həyata keçirildiyini vurğulayan rektor proqramın davamı üçün ölkə rəhbərinə dərin təşəkkürünü ifadə edib.

Rektor diqqətə çatdırıb ki, 3+1 modeli əsasında icra olunan proqramda hazırda 330 tələbə təhsil alır. Bu il həmin tələbələrdən 113 nəfər məzun adını qazanaraq hər iki universitetin bakalavr diplomuna yiyələnir. Bununla da proqram üzrə məzunların ümumi sayı 256 nəfərə çatır. Yaqub Piriyev əlavə edib ki, BMU ilə İNHA arasında əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə 2024-cü ildə yeni əməkdaşlıq sənədi imzalanıb. Həmin sənədə əsasən, proqram məzunlarının akademik göstəricilərinə görə ən yüksək nəticə əldə edən 10 faizi İNHA Universitetinin magistratura proqramlarına qəbul olunduqları halda tam təqaüdlə təhsil almaq imkanı qazanırlar. Artıq 10-dan çox proqram məzunu bu imkandan yararlanaraq İNHA Universitetində magistratura səviyyəsində təhsilini davam etdirir.

Koreyanın ölkəmizdəki səfiri Kimqu Kanq da məzunları təbrik edərək onların Azərbaycanın Avropa və Asiyanı birləşdirən strateji mövqeyinin, Orta Dəhlizin mühüm logistika mərkəzlərindən biri kimi artan əhəmiyyəti və ölkənin beynəlxalq nüfuzunun yüksəldiyi tarixi bir dövrdə məzun olmalarını böyük fürsət və xoşbəxtlik kimi dəyərləndirib. Səfir BMU-İNHA İDP-ni Azərbaycan ilə Koreya arasında beynəlxalq təhsil əməkdaşlığının uğurlu modeli kimi səciyyələndirərək, proqramın yüksəkixtisaslı kadrların hazırlanmasına və iki ölkə arasında əlaqələrin möhkəmlənməsinə mühüm töhfə verdiyini vurğulayıb.

İNHA Universitetinin Himayəçilər Şurasının sədri Yonqrak Sunq və universitetin rektoru Ço Myeonq Voo BMU-İNHA İDP-ni Azərbaycan ilə Koreya arasında təhsil sahəsində uğurlu əməkdaşlığın nümunəsi kimi qiymətləndiriblər. Onlar proqramın tələbələrin beynəlxalq səviyyədə rəqabətqabiliyyətli mühəndis və IT mütəxəssisi kimi formalaşmasına mühüm töhfə verdiyinə, universitetlərarası əməkdaşlığı daha da genişləndirəcəyinə inandıqlarını vurğulayıblar.
Fərqli mədəni mühitə uyğunlaşaraq və akademik sınaqlardan keçərək proqramı uğurla başa vuran məzunların hər biri ilə qürur duyduqlarını deyiblər. Bildiriblər ki, məzunlar iki ölkənin təhsil təcrübəsini mənimsəmiş, beynəlxalq standartlara uyğun hazırlıq keçmiş mütəxəssislər kimi qlobal əmək bazarında mühüm üstünlüklərə malikdirlər. Gəncləri sürətlə dəyişən müasir dünyada daim öyrənməyə, bilik və bacarıqlarını inkişaf etdirməyə çağıran natiqlər onları yeni imkan və uğurların gözlədiyini qeyd ediblər. 
Çıxışlardan sonra ixtisas birinciləri və universitetin ictimai həyatında fəal iştirak edən məzunlar mükafatlandırılıb, bütün məzunlara diplomlar təqdim olunub.

Mərasimin bədii hissəsində tələbələrin ifasında Azərbaycan və Koreyanın milli rəqsləri nümayiş etdirilib, müxtəlif musiqi kompozisiyalarından ibarət konsert proqramı təqdim olunub.
Tədbir məzunların ənənəvi kepatma mərasimi ilə başa çatıb.

Reportyor.az
KARUSEL / CƏMİYYƏT
Tarix: Dünən, 09:41



























