İran XİN: ABŞ İranın Hörmüz boğazında zəruri tədbirlərin həyata keçirilməsi prosesinə aşkar şəkildə müdaxilə edir

İran İslam Respublikasının Xarici İşlər Nazirliyi bəyanat yayaraq Amerika Birləşmiş Ştatlarının son 24 saat ərzində İrana qarşı həyata keçirdiyi təcavüzkar hücumları pisləyib.
Nazirliyin bəyanatında deyilir ki, bu hücumlar nəinki Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin fundamental prinsiplərinin, xüsusilə də 2-ci maddənin 4-cü bəndinin kobud şəkildə pozulması deməkdir, həm də beynəlxalq sülh və təhlükəsizliyə ciddi təhdid törədir; eyni zamanda, son bir neçə ay ərzində gərginliyin azaldılması və Qərbi Asiya regionunda sabitliyin bərqərar olunması yönündə göstərilən bütün səyləri puça çıxarır.
Müharibənin dayandırılması haqqında sazişin imzalanmasından cəmi 25 gün keçməsinə baxmayaraq, ABŞ rejimi həmin razılaşmanın demək olar ki, bütün bəndlərini açıq şəkildə pozmuş, İranın nəqliyyat infrastrukturuna, balıqçı qayıqlarına, yük gəmilərinə, habelə meteorologiya obyektlərinə və binalarına hücum etməklə ən ağır müharibə cinayətlərini törədib.
ABŞ rejimi, həmçinin İran tərəfindən Hörmüz boğazında zəruri tədbirlərin həyata keçirilməsi prosesinə aşkar şəkildə müdaxilə edərək, boğazda qeyri-sabitliyin yenidən baş qaldırmasına və beynəlxalq kommersiya gəmiçiliyinin pozulmasına səbəb olub. Bununla bərabər, terrorçu ABŞ ordusu İrana qarşı hərbi təcavüzə hazırlaşmaq üçün Fars körfəzinin cənub sahillərində yerləşən ölkələrin ərazisindən və infrastrukturundan istifadə etməklə, həmin dövlətləri faktiki olaraq İran xalqına qarşı apardığı qanunsuz və cinayətkar müharibənin meydanına çevirib.
İİR ABŞ-ın hərbi təcavüzünə və istənilən digər təcavüzkara qarşı İranın suverenliyini və ərazi bütövlüyünü müdafiə etmək əzmində olduğunu vurğulayaraq, təcavüzkar tərəflərlə hər hansı formada əməkdaşlıq və ya şərikliyə qarşı xəbərdarlıq edir.
Xarici İşlər Nazirliyi bildirir ki, qonşu ölkələr beynəlxalq hüquqa əsasən, təcavüzkar tərəflərin öz ərazilərindən və infrastrukturundan İrana qarşı hərbi təcavüz məqsədilə istifadə etməsinin qarşısını almağa borcludurlar. İrana qarşı hücumların başlanğıc və çıxış nöqtəsi, İran İslam Respublikasının rəşadətli silahlı qüvvələrinin müdafiə zərbələri üçün legitim hədəf hesab olunacaqdır.
Xarici İşlər Nazirliyi Birləşmiş Millətlər Təşkilatı Katibliyinin ABŞ-ın aşkar qanunsuzluğuna və zorakılığına qarşı nümayiş etdirdiyi qeyri-konstruktiv yanaşmadan təəssüfləndiyini bildirərək, Baş Katibin və BMT Təhlükəsizlik Şurasının beynəlxalq sülh və təhlükəsizliyin pozulması hallarına cavabdehlik daşıdığını vurğulayır; eyni zamanda, təcavüzkar tərəflərin məsuliyyətə cəlb olunmasını, İran xalqına qarşı törədilmiş cinayətlərin icraçılarının və sifarişçilərinin cəzalandırılmasını tələb edir.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 12:18

























